...

İsrail Azərbaycanın əmək və sosial müdafiə sahəsində elektron sistemlə bağlı təcrübəsini öyrənir (FOTO)

İqtisadiyyat Materials 25 İyul 2017 15:58 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İsrail nümayəndə heyəti ilə görüş olub.
İsrail Azərbaycanın əmək və sosial müdafiə sahəsində elektron sistemlə bağlı təcrübəsini öyrənir (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Sosial Təminat Nazirliyinin və onun ayrı-ayrı yerli struktur bölmələrinin məsul əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüş olub.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd sosial işin təşkili sahəsində ölkəmizin təcrübəsi, habelə Azərbaycanda yəhudilərin çoxəsrlik tarixi və mədəniyyəti ilə tanış olmaqdır.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov Azərbaycanla İsrail arasında dost münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin inkişaf etdiyini bildirib. Ölkəmizin sosial-iqtisadi inkişafından bəhs edən nazir müavini Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin sosialyönümlü olduğunu, ilk növbədə sosial məsələlərin həllinə, insan kapitalının inkişafına xidmət etdiyini vurğulayıb. İ.Rəhimov son illərdə respublikamızda əmək və sosial müdafiə sahələrində aparılan islahatlar, göstərilən xidmətlərin şəffaflığını və müvafiq təbəqələrə aid vətəndaşlar üçün əlçatanlığını təmin etmək üçün bu sahələrdə yaradılan elektron sistemlər barədə məlumat verib. O bu sistemlərin mötəbər beynəlxalq qurumlar tərəfindən də qabaqcıl təcrübə nümunələri kimi dəyərləndirilərək təbliğ olunduğunu qeyd edib.

Nazir müavini bildirib ki, ölkəmizdə sosial təminat sisteminin tərkib hissəsi olan sosial işin təşkili, sosial cəhətdən həssas əhali qruplarının ehtiyac duyduqları sosial xidmətlərlə təminatı sahəsində də mühüm işlər aparılır. Bu gün respublikada 1100 nəfərə yaxın şəxs sosial xidmət müəssisələrində daimi dövlət təminatında olmaqla stasionar şəraitdə, 11,2 min nəfər tənha ahıl və əlilliyi olan şəxs isə evlərində səyyar formada sosial xidmətlərlə təmin edilirlər. Eyni zamanda, 2 min nəfərdən çox sağlamlıq imkanları məhdud və ya sosial təhlükəli vəziyyətdə olan uşağa nazirliyin sosial sifarişləri əsasında icra olunan layihələr çərçivəsində səyyar formada sosial xidmətlər göstərilir.

İ.Rəhimov həmçinin insan alveri qurbanlarına yardımların göstərilməsi, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahələrində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Qeyd olunub ki, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial xidmətlərlə təminatı da diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən müvafiq Komissiya tərəfindən akkreditasiya olunmuş 10 qeyri-dövlət yardım mərkəzi bu istiqamətdə fəaliyyət göstərir.

Son illərdə ölkədə sosial təminat sisteminin qabaqcıl Avropa təcrübəsinə uyğun səviyyədə təkmilləşdirilməsi, bu sahədə “Sosial iş” modelinin tətbiqi yönündə aparılan işlər barədə də məlumat verilib.

İsrail Dövlətinin Sosial Təminat Nazirliyinin sosial iş üzrə əməkdaşları – Yael Aloni, Liora Qovrin və nümayəndə heyətinin digər üzvləri Azərbaycan və İsrail arasında dostluq münasibətlərindən, ölkəmizdə gedən inkişaf proseslərindən, eyni zamanda Azərbaycanda multikulturalizmin həyat tərzi olmasından məmnunluqla bəhs ediblər. Onlar ölkəmizdə əmək və sosial müdafiə sahələrində yaradılmış elektron sistemlərə, əhaliyə göstərilən elektron xidmətlərə böyük maraqlarını ifadə ediblər. Nümayəndə heyətinin üzvləri ümumən əmək və sosial müdafiə sahələri üzrə Azərbaycanda formalaşmış təcrübədən öyrənilməli çox şeyin olduğunu, iki ölkə arasında həmin sahələrdə təcrübə mübadilələrinin aparılmasının əhəmiyyətini vurğulayıblar.

Görüşdə aidiyyəti fəaliyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadilələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyətinin ƏƏSMN-nin Quba və İsmayıllı rayonlarındakı qurumlarının iş təcrübəsi ilə yaxından tanış olması da nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti