...

“Professor Gül” gəmi-bərəsi dəniz sınağından keçib (FOTO)

İqtisadiyyat Materials 31 İyul 2017 20:25 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Professor Gül” gəmi-bərəsi təmir olunub.
“Professor Gül” gəmi-bərəsi dəniz sınağından keçib (FOTO)

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Professor Gül” gəmi-bərəsi təmir olunub.

QSC-dən Trend-ə verilən məlumata görə, əsaslı təmir yekunlaşdıqdan sonra bərə dəniz sınağından keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə aparılıb.

Belə ki, gəmi-bərənin sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri, müxtəlif təyinatlı su, yağ və yanacaq nasosları, köməkçi və baş mühərriklər, mexanizmlər, yanğından mühafizə avadanlıqları əsaslı təmir olunub. Bəzi detallar yeniləri ilə əvəzlənib. Eyni zamanda bərənin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi təmizlənərək rənglənib.

Gəminin avtomatika, naviqasiya avadanlıqları və elektrik hissələrində də bütün zəruri yoxlama və təmir işləri görülüb.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək. Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və yük avtomobilləri daşıyacaq.

Hazırda gəminin maşın şöbəsində rənglənmə işləri aparılır. Gəminin istismara verilməsi isə yaxın günlərdə nəzərdə tutulub.

Uzunluğu 154.50, eni isə 18.3 metr olan gəminin maksimal sürəti 15 uzeldir. Bərə göyərtəsinə 28 vaqon və 32 TIR götürmək qabiliyyətindədir.

Qeyd edək ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə var. Onlardan ikisi Ro-Ro tipli gəmidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti