...

Bolqarıstan səfirliyi yerli turizm şirkətlərini akkreditasiya edəcək (FOTO)

İqtisadiyyat Materials 1 Dekabr 2017 13:27 (UTC +04:00)
Bolqarıstan səfirliyi yerli turizm şirkətlərini akkreditasiya edəcək.
Bolqarıstan səfirliyi yerli turizm şirkətlərini akkreditasiya edəcək (FOTO)

Bakı. Trend:

Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Bolqarıstanın Azərbaycandakı səfirinin birinci müavini Yanko Yanakiyev və konsulu Kirill Apostolovu qəbul edib.

AZTA-dan Trend-ə verilən məlumata görə, görüş zamanı ölkələr arasında viza prosedurlarının sadələşdirilməsinin aktuallığı məsələsi qeyd olunub. 16 yanvar 2018-ci il tarixdən Bakı-Sofiya birbaşa aviareysləri təşkil olunacaq.

AZTA rəhbəri N.Bağırov səfirlik tərəfinfən bir neçə yerli turizm şirkətinin akkreditasiya edilməsini təklif edib, bu, prosedurların sadələşməsinə eləcə də turist axınının artımına səbəb ola bilər.

Y.Yanakiyev qeyd edib ki, Bolqarıstanda turizmin təbliğatı hökümət səviyyəsində aparılmır, buna görə də bu işlərin Azərbaycan Turizm Assosiasiyası tərəfindən aparılması qarşılıqlı turist axınına əlavə dəstək ola bilər. Birinci müavin, həmçinin Azərbaycan və Bolqarıstan qış kurortları arasında əməkdaşlıq imkanlarından, bu şəhərlərin qardaşlaşmış-şəhərlər olması imkanlarından, eləcə də yay aylaında çarter aviareyslərinin təşkili imkanlarından danışıb.

Konsul K.Apostolov qeyd edib ki, səfirliyin təqdim etdiyi vizalar həmçinin, Rumıniya, yunan Kipri və Xarvatiya üçün keçərlidir və bu da Bolqarıstanı azərbaycanlı turistlər üçün daha da cəlbedici istiqamət edir. İndiyə kimi səfirlik cəmi 20 nəfərə viza təqdim etməkdən imtina edib və bunların hamısı xarici vətəndaşlar olub. Azərbaycan vətəndaşları üçün vizaların təqdim edilməsində problemlər müşahidə olunmur.

Görüşün nəticəsi olaraq 15 dekabrda səfirlikdə Bolqarıstanın turizm potesialı və viza prosedurları barədə təqdimatın keçirilməsi qərara alınıb. Təqdimatı K.Apostolov keçirəcək. Birinci müavin və konsul qeyd ediblər ki, Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlığın hökümət səviyyəsində təşkil olunması üçün xüsusi təkliflər hazırlanacaq və Bolqarıstanın Xarici İşlər Nazirliyinə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti