...

Ticarətin təhlükəsiz və asan həyata keçirilməsi mövzusunda təlim keçirilir

İqtisadiyyat Materials 12 Dekabr 2017 15:13 (UTC +04:00)
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsi” mövzusunda təlim başlayıb.
Ticarətin təhlükəsiz və asan həyata keçirilməsi mövzusunda təlim keçirilir

Bakı. Trend:

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsi” mövzusunda təlim başlayıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunan təlimdə Azərbaycan, Tacikistan və Qırğızıstan gömrük xidmətlərinin müvafiq strukturlarının nümayəndələri iştirak edir.

Öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini birdəqiqəlik sükutla yad ediblər.

Təlimin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev müasir qloballaşan dünyada iqtisadiyyatın inkişafını təmin edən əsas amillərdən birinin gömrük infrastrukturunun yaradılması olduğunu bildirib. Bu baxımdan, Azərbaycanda gömrük əməkdaşlarının potensialının inkişaf etdirilməsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayan S.Mehdiyev əməkdaşların peşə biliklərinin artırılması istiqamətində bütün zəruri addımların atıldığını diqqətə çatdırıb.

Komitə sədrinin birinci müavini qeyd edib ki, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi davamlı inkişaf strategiyasına əsasən, bütün sahələrdə olduğu kimi, bilik və bacarıqların artırılması, kadrların potensialının gücləndirilməsi istiqamətində də dinamik inkişaf müşahidə olunur və mühüm nailiyyətlər əldə edilir.

Azərbaycanın coğrafi baxımdan müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişməsində yerləşməsinin ölkənin Şimal-Cənub, Qərb-Şərq arasında əlverişli körpü rolu oynamasına şərait yaratdığını bildirən S.Mehdiyev ölkə rəhbərliyi tərəfindən atılan məqsədyönlü addımlar, xüsusilə, gömrük sahəsində həyata keçirilən islahatlar, müasir tələblərə cavab verən infrastrukturun yaradılmasının beynəlxaq ticarət zəncirinin asan, sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsinə mühüm töhfə verdiyini deyib.

Son illər Azərbaycan gömrük orqanlarının qaçaqmalçılıqla mübarizə sahəsində həyata keçirilən islahatlar hesabına mühüm nailiyyətlər əldə etdiyini də diqqətə çatdıran Komitə rəsmisi keçirilən təlimin gömrük əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağına əminliyini ifadə edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Mərkəzi Asiya üzrə Regional Ofisinin rəhbəri Batır Geldiyev təlim üçün yaradılan şəraitə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan, Tacikistan və Qırğızıstanın qaçaqmalçılıq və narkotiklərlə mübarizə sahəsində strateji regionda yerləşdiyini vurğulayan BMT nümayəndəsi bu istiqamətdə əməkdaşlığın ümumi işə faydasından bəhs edib.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Qara dəniz regionu üzrə nümayəndəsi Naida Şamilova isə beynəlxalq ticarətin təhlükəsiz və asan şəkildə həyata keçirilməsi məsələsinə toxunaraq, bununla bağlı keçirilən təlimin əhəmiyyətindən danışıb.

Daha sonra Niderland Gömrük Xidmətinin ekspertləri Jan van İ və Kis Vişer təlimin mahiyyəti, ümumi gömrük işi və beynəlxalq ticarətin təhlükəsiz həyata keçirlməsi baxımından faydası barədə məlumat veriblər.

Üçgünlük təlim zamanı plomblarla bağlı qanunsuz fəaliyyətin aşkar edilməsinin yolları, bu sahədə təcrübə mübadiləsi, narkotiklərin konteynerlərdə gizlədilməsi, konteyner yoxlaması zamanı sağlamlıq və təhlükəsizlik məsələləri və digər mövzularda bilgi veriləcək, praktiki məşğələlər keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti