...

Sumqayıt Kimya Sənaye Parkında bu il daha 6 müəssisə fəaliyyətə başlayacaq (FOTO)

İqtisadiyyat Materials 24 Yanvar 2018 18:00 (UTC +04:00)
Sumqayıt Kimya Sənaye Parkında daha 6 müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq.
Sumqayıt Kimya Sənaye Parkında bu il daha 6 müəssisə fəaliyyətə başlayacaq (FOTO)

Bakı. Trend:

Sumqayıt Kimya Sənaye Parkında daha 6 müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası və İqtisadiyyat Nazirliyinin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclasında deyib.

Ş.Mustafayev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidentinin ötən il sosial-iqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirdiyini, qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulayıb. Belə ki, dövlət başçısı makroiqtisadi sabitliyin təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, sərmayə qoyuluşlarının artırılması, xarici borcların azaldılması, Dövlət İnvestisiya Proqramı çərçivəsində infrastruktur layihələrinin icrası, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin bu ilin birinci yarısında istifadəyə verilməsi, sənaye parklarının və məhəllələrinin təşkili prosesinin davam etdirilməsi, 10 yeni xalça fabrikinin açılması və ilin sonuna qədər xalça fabriklərinin sayının 20-yə çatdırılması, yeni iş yerlərinin yaradılması və iş yerlərinin bağlanması səbəblərinin təhlili, sahibkarlara güzəştli kreditlərin verilməsinin davam etdirilməsi istiqamətlərində tapşırıqlar verib.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında həmçinin, sosial infrastrukturla bağlı məsələlərin həlli, qazlaşdırma səviyyəsinin 95%-ə çatdırılması, məktəblərin, uşaq bağçalarının sayının artırılması və təmiri, məktəblərin tikitntisi və təmiri, yeni xəstəxanaların və olimpiya İdman komplekslərinin istifadəyə verilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlərin görülməsi, idxaldan asılılığın azaldılması, ən azı 100 min hektar torpağa suvarılma suyunun verilməsi, 300 subartezian quyusunun qazılması, fındıqçılığın, zeytunçuluğun inkişafı, tütünçülüyün bərpası və tütünün nəinki xammal, həm də hazır məhsul kimi ixracı, arıçılığın ixrac potensialının genişləndirilməsi, turizmin inkişafı, ixracın həcminin artırılması, ticarət nümayəndəliklərinin yaradıldığı və ixrac missiyalarının təşkil edildiyi ölkələrə ixracın genişləndirilməsi və s. tapşırıqlar verib.

İqtisadiyyat Nazirliyinin ötən il ərzində gördüyü işlərdən danışan nazir qeyd edib ki, hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" və sahəvi dövlət proqramlarının, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və Strateji Yol Xəritələrində İqtisadiyyat Nazirliyinin icraçısı və əlaqələndiricisi olduğu tədbirlərin icrası davam etdirilir.

Dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, 2017-ci ildə tikinti materialları, mədənçıxarma, elektrik enerjisi və digər məhsulların istehsalı, eləcə də emal üzrə yeni sənaye müəssisələri açılıb, mövcud müəssisələrin istehsal gücü artırılıb, bir sıra mühüm sənaye obyektlərinin tikintisinə başlanıb. Qeyri-neft sənayesinin istehsal və ixrac potensialının artırılmasında effektiv mexanizmlər - sənaye parkları və məhəllələrinin təşkili işləri davam etdirilir.

2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisə - “Aqrokimya Azərbaycan” MMC-nin pestisidlər istehsalı zavodu, "MST Engineering Services" MMC-nin təzyiqə davamlı xortum və fitinq birləşmələrinin istehsalı zavodu, "Alco Lubricant" MMC-nin sürtkü yağları istehsalı zavodu və “STDC” MMC-nin Data Mərkəzi açılıb, “AzerFloat” QSC-nin şüşə istehsalı zavodunun, “Azərxalça” ASC-nin yunəyrici-boyaq və "Tabaterra" QSC-nin tütün məmulatları istehsalı fabrikinin təməli qoyulub. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkında hazırda fəaliyyətdə olan müəssisələrin sayı 6-ya çatıb. SKSP-də daha 6 müəssisə 2018-ci ildə fəaliyyətə başlayacaq.

Ümumilikdə, SKSP-nin 15 rezidenti var. Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin layihələrinin investisiya dəyəri 2,7 milyard ABŞ dollarıdır. Artıq layihələrə 1,9 milyard ABŞ dolları investisiya yatırılıb. Hazırda Sənaye Parkında istehsalat və tikintidə 8400 işçi çalışır. Sumqayıt Kimya Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.

Ötən il dövlət başçısının iştirakı ilə Balaxanı Sənaye Parkı istifadəyə verilib. Hazırda Sənaye Parkının işlənmiş mühərrik yağlarının, tullantı plastik butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə 5 rezidenti vardır. Bu rezidentlər tərəfindən sənaye parkına 23 milyon manat investisiya yatırılıb, 400-ə yaxın daimi iş yeri yaradılıb. Sahibkarların marağını nəzərə alaraq, Balaxanı Sənaye Parkının fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Artıq sahibkarlar Balaxanı Sənaye Parkında polietilen və polipropilen tullantılarının, polietilen tullantılarının təkrar emalından yapışqan lent istehsalı, qida yağlarının təkrar emalından biodizel, taxta tullantıların emalından kömür, qida tullantılarından gübrə və yem, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə fəaliyyət göstərmək üçün müraciət ediblər.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Sənaye Parkının müəssisələr üçün xammal yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaqdır. Sənaye Parkında inşa olunan “Mingəçevir Tekstil” fabriki bu ilin I rübündə istismara veriləcək. Ümumi dəyəri 65 milyon ABŞ dolları olan müəssisədə 550 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin tikintisi həyata keçirilir. Artıq Bakı Gəmiqayırma Zavodunda onlarla gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi təmir edilib. BP şirkətinin sifarişi ilə tikilən və dəyəri 378 milyon ABŞ dolları olan "Xankəndi" sualtı tikinti gəmisi istismara verilib. Hazırda müəssisədə 2 ədəd "Ro-pax" tipli gəmi bərənin və 2 ədəd neftdaşıyan tankerin inşası davam etdirilir.

Əczaçılıq məhsullarının istehsalı üzrə ixtisaslaşmış Pirallahı Sənaye Parkında təməli qoyulmuş 2 dərman zavodunun - Azərbaycan-Rusiya birgə müəssisəsi olan “Hayat Pharm” və Azərbaycan-İran birgə müəssisəsi olan “Caspian Pharmed” zavodlarının, eləcə də birdəfəlik şprislər istehsal edəcək "Diamed Co" zavodunun tikintisi istiqamətində müvafiq tədbirlər görülür. Bu zavodlarda ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, anti-histamin kateqoriyalı dərman vasitələri, həmçinin vitaminlər və qida əlavələri istehsal ediləcək. Ümumilikdə, bu müəssisələrdə 350-yə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Bundan başqa, 2017-ci ildə “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Ukraynanın “İndar” şirkəti arasında Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılmasına dair Anlaşma Memorandumuna əsasən, “İndar” şirkəti Sənaye Parkında beynəlxalq standartlara uyğun infuziya və inyeksiya məhlulları istehsal edəcək. Eyni zamanda, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə danışıqlar aparılır.

Ümumilikdə, sənaye parklarında rezidentlər tərəfindən 2,5 milyard ABŞ dolları investisiya yatırılıb və 11 minədək iş yeri yaradılıb. Növbəti mərhələdə isə 1,1 milyard ABŞ dollarından çox investisiya yatırılması və 7500-dən artıq yeni iş yeri yaradılması nəzərdə tutulur.

2017-ci ildə Neftçala Sənaye Məhəlləsi istifadəyə verilib. Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinin təşkili işləri isə davam etdirilir.

Ş.Mustafayev sənaye parkları və məhəllələrinin tikintisi istiqamətində işlərin, o cümlədən sənaye zonalarına yeni rezidentlərin cəlb olunması üçün təbliğat işlərinin, eləcə də digər rayonlarda yeni sənaye parkları və məhəllələrinin yaradılması istiqamətində araşdırmaların sürətləndirilməsi barədə Nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti