...

2017-ci ildə qiymətli kağızlar bazarında artım olub

İqtisadiyyat Materials 16 Fevral 2018 14:46 (UTC +04:00)
2017-ci ildə qiymətli kağızlar bazarında artımla yanaşı, pozitiv kəmiyyət və keyfiyyət dəyişiklikləri qeydə alınıb.
2017-ci ildə qiymətli kağızlar bazarında artım olub

Bakı. Trend:

2017-ci ildə qiymətli kağızlar bazarında artımla yanaşı, pozitiv kəmiyyət və keyfiyyət dəyişiklikləri qeydə alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Trend-ə verilən məlumata əsasən, 2017-ci ildə qiymətli kağızlar bazarı 2016-cı illə müqayisədə 12% artaraq 15,7 mlrd. manat təşkil edib. Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı 7,3 dəfə, korporativ qiymətli kağızların təkrar bazarı isə 2,8 dəfə artıb.

Korporativ qiymətli kağızlar

Ötən il ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz kapitallarını artırmaq təşəbbüsləri nəticəsində korporativ qiymətli kağızlar bazarının səhm seqmentində əqdlərin məbləği 2,2 dəfə artaraq 2 mlrd. manatı üstələyib. Xüsusilə banklar tərəfindən kapital tələblərinin təmin edilməsi məqsədilə nizamnamə kapitallarının artırılması səhm bazarının artımını şərtləndirən mühüm amil olub. Korporativ qiymətli kağızlar bazarının digər seqmenti olan korporativ istiqrazlar bazarı ötən illə müqayisədə 79% azalaraq 1,6 mlrd. manat təşkil edib.

Dövlət qiymətli kağızları

Hesabat dövründə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən daxildən borclanma siyasətinin həyata keçirilməsi, eləcə də Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən milli valyutaya olan təzyiqlərin azaldılması məqsədilə not buraxılışları dövlət qiymətli kağızları bazarında əməliyyatların həcminin artım dinamikasını müəyyən edib. Belə ki, dövlət istiqrazları bazarı 48%, not bazarı isə 19,4 dəfə artıb. Hesabat dövründə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə fond birjasında 50 hərrac keçirilmiş və nəticədə ilkin bazarda əqdlərin həcmi ötən illə müqayisədə 19,3 dəfə artaraq 5,2 mlrd. manat olub. Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə fond birjasında keçirilmiş 45 hərracda bağlanmış əqdlərin həcmi ötən illə müqayisədə 89% artaraq 795 mln. manat təşkil edib.

Törəmə maliyyə alətləri bazarı

2017-ci ildə Bakı Fond Birjasının törəmə maliyyə alətləri platformasında ümumi məbləği 5,5 mlrd. manat olan valyuta əsaslı və ümumi dəyəri 402 mln. manat olan əmtəə əsaslı törəmə maliyyə alətləri ilə ticarət əməliyyatları həyata keçirilib. Ümumilikdə törəmə maliyyə alətləri bazarının ümumi həcmi 5,9 mlrd. manat olmuş və bazarda keçən ilin müvafiq dövrü ilə müqayisədə 33,8% artım müşahidə edilib.

Repo və əks-repo əməliyyatları

Hesabat dövrü ərzində repo əməliyyatlarının ümumi məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 dəfə artaraq 51,5 mln. manat olub. Dövlət istiqrazları ilə ümumi məbləği 30.8 mln. manat olan 37 repo əməliyyatı, korporativ istiqrazlarla isə 20,8 mln. manat məbləğində 14 repo əməliyyatı keçirilib.

Qiymətli kağızların dövlət qeydiyyatı

2017-ci ildə 11,5 mlrd. manat və 4,1 mlrd. ABŞ dolları məbləğində qiymətli kağızların dövlət qeydiyyatı həyata keçirilib.

Qiymətli kağızlar bazarının 2017-ci ilin 31 dekabr tarixinə olan əsas göstəriciləri qiymətli kağızlar bazarının icmal göstəricilərində öz əksini tapıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti