...

BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı: Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir

İqtisadiyyat Materials 14 İyun 2018 15:36 (UTC +04:00)
Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı: Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.

DGK-dan Trend-ə verilən məlumata görə, görüşdə FAO-nun Azərbaycandakı fəaliyyəti, o cümlədən Dövlət Gömrük Komitəsi və FAO arasında əməkdaşlıq, qabaqcıl beynəlxalq təcrübənin ölkədə tətbiqi və digər məsələlər müzakirə olunub.

Azərbaycanın gömrük xidməti ilə FAO arasında əməkdaşlıq münasibətlərindən məmnunluqla söhbət açan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Komitə sədri son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların xüsusilə qeyri-neft sektorunun inkişafına təkan verdiyini, bu sahədə əldə olunan nailiyyətlərin nəticəsi olaraq ixrac potensialının da artdığını diqqətə çatdırıb. Səfər Mehdiyev Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə də müsbət təsir göstərdiyini bildirib.

Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin qorunmasında həyata keçirilən layihələrin rolunu xüsusi qeyd edən Səfər Mehdiyev, Dövlət Gömrük Komitəsinin gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar nəzarətini də həyata keçirdiyini söyləyib.

Komitə sədri fitosanitar nəzarətini həyata keçirən müfəttişlərin peşə biliklərinin artırılması məqsədilə təşkil olunan bir çox seminarlara, eləcə də FAO-nun "Azərbaycanda fitosanitar nəzarətin və diaqnostik xidmətlərin gücləndirilməsi" layihəsi çərçivəsində alınmış müfəttiş dəstlərinin Dövlət Gömrük Komitəsinə təqdim edilməsinə görə minnətdarlığını bildirib, gömrük xidməti ilə FAO arasında qarşılıqlı faydalı əməkdaşlığın Azərbaycanda ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə nəzarətin daha da gücləndirilməsi işinə bundan sonra da töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak FAO və gömrük xidməti arasında münasibətlərin yüksək səviyyədə olduğunu deyib.

Rəhbərlik etdiyi ofisin Azərbaycanda reallaşdırdığı layihə və proqramlar barədə məlumat verən Mələk Çakmak FAO-nun gələcək planlarından da danışıb. Ofisin rəhbəri Azərbaycan kənd təsərrüfatında məhsuldarlığın artımı ilə yanaşı, qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin önəmini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti