...

Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir (FOTO)

İqtisadiyyat Materials 20 İyul 2018 20:40 (UTC +04:00)
Tbilisi şəhərində Əmlak Məsələləri Dövlət Komitəsi, Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyi, Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsi ilə birlikdə 3 tərəfli görüş keçirilib.
Azərbaycan, Gürcüstan və Almaniya arasında daşınmaz əmlak idarəçiliyi və özəlləşdirmə sahəsində əməkdaşlıq genişlənir (FOTO)

Bakı. Trend:

Tbilisi şəhərində Əmlak Məsələləri Dövlət Komitəsi, Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyi, Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsi ilə birlikdə 3 tərəfli görüş keçirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə alman partnyorlarla əməkdaşlıq və beynəlxalq münasibətlərin rolu, Azərbaycan və Gürcüstan arasında dövlət əmlakının idarəedilməsi və özəlləşdirilməsi sahəsində əlaqələrin inkişafı, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi prosesinin dəstəklənməsi məqsədi ilə yeni layihələrin həyata keçirilməsi görüşün müzakirə obyekti olub. Dövlət əmlakının idarəedilməsi, özəlləşdirilməyə investisiyaların cəlb olunması potensialından danışılıb, təcrübə mübadiləsinin prespektivlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb.

Tədbiri giriş nitqi ilə açan Gürcüstanın Dövlət Əmlakı üzrə Milli Agentliyinin sədri xanım Yekaterina Sisauri qeyd edib ki, Agentliyin əsas məqsədi dövlətin əmlakını, hökumətin iştirak payı olan şirkətləri ölkənin infrastrukturunun və iqtisadiyyatın inkişafını dəstəkləyən üsulla idarə etməkdir. Daşınmaz əmlak idarəçiliyi və özəlləşmə sahəsində də əlaqələrin genişləndirilməsi yeni layihələrin reallaşmasına imkan verəcək.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov isə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması və onun idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı müəyyənləşdirdiyi strategiya və hədəflər çərçivəsində komitə yeni metodların və yanaşmaların tətbiqini genişləndirib. Eyni zamanda ölkə başçısının “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı” imzaladığı 2016-cı il 19 iyul tarixli Fərmana əsasən də özəlləşən müəssisələrin idarəetmə mexanizmi müasir prinsiplər əsasında həyata keçirilir.

Dövlət əmlakının idarəçiliyi və özəlləşməsi sahəsində elektron xidmətlərə keçidin daha geniş tətbiqi, innovativ resurslardan istifadə və şəffaflığın artırılması istiqamətində mühüm nəticələr əldə olunub.

Bildirilib ki, özəlləşdirmə hərraclarının onlayn rejimdə elektron formasiya şəkilində tətbiq edilməsi bu prosesdə optimallığı daha da artırıb, yerli və xarici investsisiyaların cəlb olunması imkanlarını genişləndirib, çevikliyi təmin edib.

İqtisadiyyata fayda verə biləcək iri müəssisələr, səhmdar cəmiyyətlərin səhm paketləri, qeyri-yaşayış sahələri hərraclar vasitəsilə özəlləşdirilir.

Eyni zamanda iri kapital tələb edən müəssisələr investisiya müsabiqəsi vasitəsilə uğurlu biznes planı olan sərmayəçilərə təklif edilir. Beynəlxalq investisiya fondlarına, müxtəlif profilli şirkət və assosiasiyalara ünvanlanan tanıtım müraciətləri, xarici ölkələrdə keçirilən təqdimatlar da özəlləşdirilmə prosesinin sürətləndirilməsinə imkan verir. Hazırda sənaye, aqrar, nəqliyyat, səhiyyə, xidmət, telekomunkasiya və digər sahələrə aid iri müəssisələr özəlləşməyə açıq elan edilib. İnvestorlar üçün istifadayə verilən “Özəlləşmə portalı”, saytda yaradılan yüksək informasiya mövcudluğu onların prosesə olan marağını daha da artırır. Portala baxış sayının 2 milyona yaxınlaşması da bunu deməyə əsas verir.

Tədbirin əhəmiyyəti və nəticələri barədə danışan Kərəm Həsənov bildirib ki, görüş daşınmaz əmlakın idarəçiliyi sistemində müasir yanaşmalar və beynəlxalq təcrübənin iştirakçı dövlətlər arasında yayılması və bu sahədə fikir mübadiləsinin aparılması üçün uğurlu platformadır.

Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsinin rəhbəri xanım Von Vik qeyd edib ki, ölkəmiz digər dövlətlərlə əlaqələrin möhkəmləndirilməsində, iqtisadiyyatın inkişafına zəmin yaradacaq yenilikləri dəstəkləməkdə maraqlıdır. Daşınmaz əmlakın idarəçiliyi sahəsi ilə bağlı əlaqələrin qurulması isə bu sferanın daha da genişlənməsinə imkan verəcək. Özəlləşmə sahəsində də Azərbaycanın tətbiq etdiyi yeniliklər, innovativ layihələr də yaradılacaq əməkdaşlığın uğurlu olmasından xəbər verir.

Görüşdə Azərbaycanın Gürcüstandakı Fövqəladə və Səlahiyyətli Səfiri Dursun Həsənov da iştirak edib. Qeyd edilməlidir ki, tədbirdən sonra komitə nümayəndələri Gürcüstanda təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı buraya səfər edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti