...

Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb

İqtisadiyyat Materials 18 Oktyabr 2018 14:29 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.
Dövlət Gömrük Komitəsinin sədri Türkiyə səfiri ilə görüşüb

Bakı. Trend:

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev qardaş ölkənin səfiri ilə görüşdən məmnun olduğunu söyləyərək, Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlıq münasibətlərinin tarixi köklərə dayandığını bildirib və son illər hər iki ölkə rəhbərinin həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət hesabına bu əlaqələrin daha da möhkəmləndiyini diqqətə çatdırıb.

S.Mehdiyev qeyd edib ki, xüsusilə son illər regionda həyata keçirilən nəqliyyat və logistika layihələrinin Azərbaycanla Türkiyənin təşəbbüsü və iradəsi ilə reallaşması münasibətlərin yüksək səviyyədə olmasının bariz nümunəsidir.

DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar çərçivəsində gömrük orqanlarında daha çevik, daha modern idarəçilik metodlarının tətbiq edildiyini, beynəlxalq ticarətin asan və sürətli şəkildə reallaşdırılması, vətəndaşların maksimum dərəcədə məmnuniyyətinin təmin olunması üçün yeni layihələrin icra olunduğunu bildirib. Komitə sədri iki ölkənin gömrük orqanları arasında mütəmadi təcrübə mübadiləsinin aparıldığını bildirib, qarşılıqlı məlumat mübadiləsinin daha effektiv həyata keçirilməsinin vacibliyinə toxunub və bu istiqamətdə atılan addımlardan danışıb.

Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iki ölkə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin gələcək perspektivlərindən bəhs edib, gömrük orqanlarının da bu sahədə mühüm rol oynadığını bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti