...

Qazaxda su və kanalizasiya şəbəkələrinin tikintisinin gələn il yekunlaşması planlaşdırılır (FOTO)

İqtisadiyyat Materials 14 Fevral 2019 14:50 (UTC +04:00)
Layihə Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb
Qazaxda su və kanalizasiya şəbəkələrinin tikintisinin gələn il yekunlaşması planlaşdırılır (FOTO)

Bakı. Samir Əli - Trend:

Qazaxda içməli su və kanalizasiya şəbəkələrinin tikintisinin 2020-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı” çərçivəsində həyata keçirilir.

Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qazax şəhərində 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə Qazax rayonunun Ağköynək, Qarapapaq, Hüseynbəyli və Ağstafa rayonunun Dağ Kəsəmən kəndlərinə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 45 min sakin faydalanacaq.

Qazax şəhərində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 6,4 km magistral su kəməri, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı, 106,4 km paylayıcı su şəbəkəsi inşa ediləcək. Bununla paralel olaraq şəhərin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhər ərazisində 82,3 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və 4,4 km kanalizasiya kollektoru tikiləcək. Ümumilikdə şəhərdə 5870 ünvan su və kanalizasiya şəbəkələrinə qoşulacaq və sayğaclar quraşdırılacaq.

Şəhərdə yaranan tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə gələcəkdə məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğu tikiləcək.

Qeyd edək ki, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən layihə Qazax şəhəri ilə yanaşı, Tərtər, Gədəbəy, Daşkəsən və Astara şəhərlərini də əhatə edir. İndiyədək Tərtər, Gədəbəy və Daşkəsən şəhərlərində içməli su və kanalizasiya, Astara şəhərində isə içməli su şəbəkələrinin tikintisi başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti