...

Türkiyə şirkətləri Qarabağda infrastruktur layihələrində iştirak etməyə maraqlıdır - Ticarət Nazirliyi (FOTO)

İqtisadiyyat Materials 25 Dekabr 2021 11:45 (UTC +04:00)
Türkiyə şirkətləri Qarabağda infrastruktur layihələrində iştirak etməyə maraqlıdır - Ticarət Nazirliyi (FOTO)

Bakı. Trend:

Türkiyə şirkətləri Qarabağda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etməkdə maraqlıdır.

Trend-in məlumatına görə, bunu Türkiyənin Ticarət Nazirliyinin Beynəlxalq xidmət ticarəti üzrə rəisi Emre Öztelli “Azərbaycan Dəmir Yolları” QSC-də keçirdiyi görüşdə deyib.

Türkiyənin nəqliyyat, tikinti, memarlıq və mühəndislik sahəsində tanınmış şirkətlərinin təmsil olunduğu nümayəndə heyəti ilə görüşdə ölkələrimiz arasında yeni sahələr üzrə əməkdaşlıq imkanları nəzərdən keçirilib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov bildirib ki, 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycana mənəvi və siyasi dəstək göstərən Türkiyə hər zaman ölkəmizin haqlı və ədalətli mövqeyini beynəlxalq tribunalarda müdafiə edir. Ölkələrimiz arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən danışan Hicran Valehov vurğulayıb ki, Ermənistanın işğalından azad olunmuş torpaqlarımızda həyata keçirilən bərpa və quruculuq layihələrində Türkiyə şirkətləri də fəal iştirak edir.

Türkiyənin Ticarət Nazirliyi və DEİK Beynəlxalq Texniki Məsləhət Xidmətləri İş Şurasının dəstəyi və koordinasiyası ilə Azərbaycanda səfərdə olduqlarını qeyd edən Emre Öztelli bu görüşün Azərbaycan və Türkiyə arasında dəmir yolu sahəsində mövcud imkanların genişləndirilməsində mühüm rol oynayacağına diqqət çəkib. Qonaq öz növbəsində bildirib ki, Türkiyə şirkətləri Qarabağda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etməkdə maraqlıdır.

Qonaqlar təmsil etdikləri şirkətlərlə bağlı təqdimat ediblər. Məlumat verilib ki, görüşdə təmsil olunan şirkətlər nəinki Türkiyədə, eləcə də dünyanın bir çox ölkələrində dəmir yolu layihələrinin hazırlanması və icra edilməsində, nəqliyyat infrastrukturunun qurulmasında iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti