...

Azərbaycan və Özbəkistan dəmir yollarında əməkdaşlıqla bağlı İşçi qrup yaradıb (FOTO)

İqtisadiyyat Materials 11 Aprel 2022 10:15 (UTC +04:00)
Azərbaycan və Özbəkistan dəmir yollarında əməkdaşlıqla bağlı İşçi qrup yaradıb (FOTO)

Bakı. Trend:

Daşkənddə Özbəkistan və Azərbaycan dəmir yolları qurumları rəhbərlərinin görüşü olub.Görüşdə “Özbəkistan Dəmir Yolları” SC ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında ikitərəfli əməkdaşlığın inkişafına dair məsələlər müzakirə edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə verilən məlumata görə, tərəflər “Asiya-Sakit okean ölkələri – Çin – Qırğızıstan – Özbəkistan – Türkmənistan – Azərbaycan – Gürcüstan – Türkiyə – Avropa” beynəlxalq multimodal marşrutunun inkişafı üzrə aparılan səmərəli və faydalı fəaliyyətə diqqət çəkərək, iki ölkənin dəmir yolları qurumları arasında texniki və texnoloji yardım məsələlərini də nəzərdən keçiriblər. Bura infrastrukturun və hərəkət tərkibinin saxlanılması, təmiri üçün texniki və texnoloji yardımın göstərilməsi, Azərbaycan və Özbəkistan ərazisindən həyata keçirilən yükdaşımaların həcminin artırılması daxildir. Görüş iştirakçıları mövcud vəziyyətlə əlaqədar beynəlxalq və multimodal nəqliyyat dəhlizlərinin qarşılıqlı fəaliyyətinin davam etdirilməsinin zəruriliyini vurğulayıblar. Bildirilib ki, tərəflərin əlaqələndirilmiş və qarşılıqlı fəaliyyəti yükdaşımaların canlanması və həcminin artırılmasına, konteyner qatarlarının keçidinin sürətləndirilməsinə və kombinə edilmiş yükdaşımaların təşkilinə imkan yaradır.

Tədbir çərçivəsində daşıma həcminin artırılması, eləcə də ikitərəfli məsələlərin həlli məqsədilə dəmir yolu rəhbərlərinin başçılıq etdiyi İşçi qrup yaradılıb.Tərəflər İşçi qrupun növbəti iclasının aprelin sonunda Bakıda keçirilməsi barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti