...

İƏİT-nin biznesin rəqəmsallaşmasına həsr edilmiş hesabatlarının təqdimatı olub (FOTO)

İqtisadiyyat Materials 27 Aprel 2022 16:33 (UTC +04:00)
İƏİT-nin biznesin rəqəmsallaşmasına həsr edilmiş hesabatlarının təqdimatı olub (FOTO)

Bakı. Trend:

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda şirkətlərin rəqəmsallaşması” mövzusunda hibrid formatda tədbir keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının, eləcə də İƏİT üzvü olan ölkələrin Azərbaycandakı səfirliklərinin və ticarət palatalarının nümayəndələri iştirak ediblər.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanın İƏİT-lə əlaqələrə önəm verdiyini, iqtisadi inkişafa və şaxələndirməyə yönəlmiş sistemli tədbirlərin həyata keçirilməsində beynəlxalq təcrübənin tətbiqi baxımından əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, ötən ilin fevralından başlayaraq İƏİT-lə müəssisələrin rəqəmsallaşdırılması sahəsində birgə fəaliyyətə başlanılıb və bu sahədə mühüm işlər görülməkdədir. Nazir müavini Azərbaycanda özəl sektorun inkişafı sahəsində həyata keçirilən tədbirlər, rəqəmsallaşmanın tətbiqi, pandemiyanın və xarici şokların ölkə iqtisadiyyatına təsirinin minimallaşdırılması məqsədilə görülən işlərin müsbət nəticələri, Milli Prioritetlər, işğaldan azad edilmiş ərazilərimizdə biznesin dirçəlişi, bu sahədə yeni texnologiyaların və metodların tətbiqi barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İƏİT-nin Azərbaycanda kiçik və orta biznesin (KOB) rəqəmsallaşdırılması sahəsində təşəbbüslərinin önəmini vurğulayıb, KOB-ların inkişafı istiqamətləri barədə danışıb. Qeyd edilib ki, iqtisadi inkişafda vacib rol oynayan KOB-lar ölkədə sahibkarlıq subyektlərinin böyük əksəriyyətini təşkil edir. Bu baxımdan, onların müasir trendlərə uyğun inkişafı, o cümlədən rəqəmsallaşması mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, pandemiya KOB-ların fəaliyyətinə mənfi təsir göstərib və rəqəmsallaşmanı daha da aktuallaşdırıb. Bütün bunlar nəzərə alınmaqla rəqəmsallaşmanın geniş tətbiqinə xüsusi diqqət yetirilir. O, KOB-ların rəqəmsallaşması, kiçik və orta sahibkarlığa dəstək mexanizmləri, tətbiq edilən innovativ həllər və s. istiqamətlərdə görülən işlər, nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib.

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları Baş Direktorluğunun Şərq Tərəfdaşlığı ölkələri ilə iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Jerar Odaz İƏİT-nin üzv ölkələrdə davamlı iqtisadi artıma, məşğulluq və həyat şəraitinin yüksəldilməsinə, həmçinin şirkətlərin rəqəmsallaşması sahəsində təcrübənin tətbiqinə töhfə verdiyini, bu baxımdan Azərbaycanda biznesin rəqəmsallaşmasına dair hesabatların önəmini vurğulayıb.

Tədbirdə “Azərbaycanda şirkətlərin rəqəmsallaşmasının təşviqi” və “COVID-19-dan sonra: Şərq Tərəfdaşlığı ölkələrində biznesin rəqəmsal transformasiyasının sürətləndirilməsi” mövzularında hesabatların təqdimatı olub, müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti