...

Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir

İqtisadiyyat Materials 5 İyul 2022 16:41 (UTC +04:00)
Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən davamlı olaraq yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Agentliyin 2022-ci il üçün tərtib etdiyi tədbirlər planına uyğun, rahat gediş-gəlişin təmin olunmasını, kənd təsərrüfatının inkişafını hədəfləyən yol infrastrukturu layihələrindən biri də Biləsuvar rayonunun Əliabad-Xırmandalı-Bəydili avtomobil yoludur.

Agentlikdən Trend-ə verilən məlumata görə, uzunluğu 11 km təşkil edən Əliabad-Xırmandalı-Bəydili avtomobil yolunun eni 5 metrdir və IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol çınqıl örtükdən və torpaq əsasdan ibarət idi. Bu səbəbdən yolda əmələ gələn çalalar, çökmələr, qabarmalar nəqliyyatın hərəkətində, ən əsası 3 yaşayış məntəqəsinin 19 mindən çox əhalisinin yoldan istifadəsində çətinliklər yaradırdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qeyd olunan problemin aradan qaldırılmasına hesablanmış layihə çərçivəsində yolun deformasiyaya uğramış hissələri, yararsız qruntu qazılaraq çıxarılıb, torpaq yatağının bərpası, əks-dolğu və kipləşdirmə işləri aparılıb.

Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layı inşa edilib, hazırda yolboyu 2 qat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyün döşənməsi son mərhələdə icra olunur.

Tikinti zamanı 63 mövcud suötürücü borunun bərpası aparılıb. Layihə üzrə Balharı çayı üzərində uzunluğu 10 metr, yolun 5-ci km-də isə uzunluğu 20 metr olmaqla inşa edilən 2 ədəd suötürücü qurğunun tikintisi də yekunlaşmaq üzrədir.

Layihənin sonuncu mərhələsində km göstəricisi, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Sözsüz ki, avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti