...

Qarabağda biznes qurmaq üçün 1300-ə yaxın müraciət qeydə alınıb - Orxan Məmmədov

İqtisadiyyat Materials 16 Sentyabr 2022 12:40 (UTC +04:00)
Qarabağda biznes qurmaq üçün 1300-ə yaxın müraciət qeydə alınıb - Orxan Məmmədov

Şuşa. Trend:

Bu günə qədər 1300-ə yaxın müraciət müvafiq formaya uyğun qeydə alınmışdır. Onların da 460-dan çoxu xarici müraciətdir və 40-a yaxın ölkə daxil olmaqla geniş coğrafi dairəni əhatə edir.

Trend-in məlumatına görə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Qarabağın bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunda deyib.

"İlk növbədə, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi adından hər birinizi salamlayıram. KOBİA olaraq Qarabağın bərpası və inkişafına həsr olunmuş Şuşa Türk Biznes Forumunun təşkilində iştirakdan məmnun olduğumuzu bildirirəm.

Azərbaycanın mədəniyyət incisi və zəfər simvolu sayılan 270 illiyini qeyd etdiyimiz Şuşa şəhərində keçirilən forumun Türk Dövlətləri Təşkilatı ölkələri arasında qarşılıqlı əlaqələrin güclənməsi, eləcə də Qarabağın bərpası prosesində dost ölkələrin resurslarının səfərbər edilməsi və səylərin birləşdirilməsi baxımından əhəmiyyətli olacağını düşünürəm.
KOBİA həm çoxtərəfli platforma, həm də ikitərəfli formatda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin müvafiq qurumları ilə sıx əməkdaşlıq edir. Ötən dövrdə Türkiyə, Qazaxıstan, Özbəkistan və Macarıstanın aidiyyəti təşkilatları ilə anlaşma memorandumları imzalanmış, qarşılıqlı biznes missiyalar, forumlar və işgüzar görüşlər təşkil edilmişdir.

2020-ci ildə Vətən Müharibəsi nəticəsində Ali Baş komandan cənab İlham Əliyevin iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı hesabına qazanılmış qələbə isə əlaqələrimizin daha da inkişaf etdirilməsi və şaxələndirilməsi üçün yeni perspektivlər yaratmış oldu. Bu həm Zəngəzur dəhlizi vasitəsilə ölkələrimiz arasında yeni kommunikasiyaların yaradılması, həm də zəngin təbii ehtiyatlara, əlverişli coğrafi mövqeyi və böyük potensiala malik Qarabağ bölgəsinin inkişafında iştirak ilə bağlıdır.

KOBİA Azərbaycan dövlətinin Qarabağa dair inkişaf konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşu və biznes layihələrinin reallaşdırılması ilə bağlı məsələləri qarşıdakı dövrdə strateji fəaliyyət gündəliyinin prioritet istiqamətlərindən birinə çevirmişdir. Bu məqsədilə hazırda tərəfimizdən 3 istiqamətdə işlər aparılır: Qarabağın investisiya potensialının geniş auditoriya kütləsinə tanıdılması, azad olunmuş ərazilərdə bizneslərin yaradılması ilə bağlı müraciətlərin qəbulu və ilkin biznes infrastrukturunun qurulmasına dəstək.

Agentlik tərəfindən qeyd edilən sahələrdə müvafiq tədbirlər həyata keçirilir. Hələ 2020-ci ilin noyabr ayında, Vətən Müharibəsi başa çatdıqdan az müddət sonra “MUSİAD Expo 2020” sərgisində KOBİA-nın təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” stendi fəaliyyət göstərmişdir. Qarabağın investisiya potensialı beynəlxalq səviyyədə KOBİA tərəfindən ilk dəfə məhz qardaş Türkiyədə nümayiş olunmuşdur. Eyni zamanda, 2021-ci ildə KOBİA-nın təşkilatçılığı ilə baş tutmuş İBF Beynəlxalq Biznes Forumu və Mədəniyyət və İnvestisiya Sammitində, bu ilin mart ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş sərgidə, eləcə də digər yerli və beynəlxalq tədbirlərdə işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları nümayiş olunmuşdur.

İkinci istiqamət üzrə bildirmək istərdim ki, işğaldan azad edilmiş ərazilərin zəngin iqtisadi və investisiya potensialı bu ərazilərdə yeni biznes layihələrinin həyata keçirilməsi və investisiyaların cəlb edilməsinə şərait yaradır. Qələbədən dərhal sonra KOBİA Qarabağda biznes qurmaq istəyən sahibkarların, o cümlədən xarici iş adamlarının biznes layihələrinin qəbuluna başlamışdır. Müraciətlərin intensivliyi və həcmi yerli və xarici investorların Qarabağda biznes fəaliyyətinə marağının yüksək olduğunu göstərir. Bu günə qədər 1300-ə yaxın müraciət müvafiq formaya uyğun qeydə alınmışdır. Onların da 460-dan çoxu xarici müraciətdir və 40-a yaxın ölkə daxil olmaqla geniş coğrafi dairəni əhatə edir. Xarici müraciətlərin yarıdan çoxu Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin payına düşür. Onların sırasında Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstan yer alır. Daxil olmuş layihələr əsasən ticarət, xidmət, inşaat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, təhsil, nəqliyyat, logistika və digər sahələri əhatə edir.

KOBİA mandatı çərçivəsində Qarabağda zəruri biznes infrastrukturunun yaradılması məqsədilə əlaqələndirmə işləri də aparır. Belə ki, azad edilmiş bölgələrimizdə zəruri ehtiyacların ödənilməsi ilə bağlı KOBİA-nın təşkilatçılığı ilə bir qrup sahibkarlarla Füzuli, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Kəlbəcər və Laçın rayonlarına səfərlər təşkil edilmiş, nəticə olaraq bir sıra ərazilərdə biznes və ictimai xidmət obyektləri istifadəyə verilmişdir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış suvenir istehsalı müəssisəsi isə Türk qardaşlarımız ilə birgə işbirliyinin uğurlu nəticəsidir.

Ümumilikdə, Qarabağ regionunda infrastrukturun yenidən qurulması, eləcə də biznes potensialının reallaşdırılması istiqamətində aparılan işlərə özəl sektorun və xarici investorların cəlb edilməsi mühüm əhəmiyyət kəsb edir. Özəl sektorun prosesdə iştirakı dövlət investisiya xərclərinin azaldılması, habelə alternativ və şaxələndirilmiş maliyyələşmə mexanizmləri vasitəsilə yerli və xarici sərmayələrin cəlb edilməsi baxımından faydalı ola bilər.

Xarici tərəfdaşlar ilə birgə Qarabağda biznes layihələrinin icrasi üçün digər təşkilati-hüquqi modeli kimi KOB klasterlərinin yaradılmasını qeyd etmək olar. Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və KOB klasterin iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulmuşdur. Qarabağ bölgəsində iqtisadiyyatın ənənəvi sahələri və digər potensial sektorlar üzrə klasterlərin formalaşdırılması daha intensiv və dayanıqlı iqtisadi inkişafa və məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə, eləcə də yüksək əlavə dəyərin yaradılmasına təkan vermiş olacaqdır", - O.Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti