...

Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təsis konfransı keçirilib (FOTO)

İqtisadiyyat Materials 22 Sentyabr 2022 08:24 (UTC +04:00)
Cenevrədə İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təsis konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Sentyabrın 21-də İsveçrənin Cenevrə şəhərində İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) təsis konfransı keçirilib. İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi ilə keçirilmiş tədbirdə hər iki ölkədən palataya üzv olan şirkətlərin, eləcə də dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Trend xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov, İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Muriel Peneveyre, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının prezidenti Klaude Haegi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayev, “SOCAR Trading”in prezidenti Məryəm Almaszadə və “İSR Holdinq”in baş icraçı direktoru Rauf Xəlilov ölkələrimiz arasında əməkdaşlığa, palatanın fəaliyyətinə, iş adamları arasında əlaqələrin genişləndirilməsinə dair çıxış ediblər.

İsveçrə-Azərbaycan Ticarət və Sənaye Platasının təsis konfransına dair İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İkitərəfli İqtisadi Əlaqələr Şöbəsinin müdiri və Federal Şuranın Ticarət Sazişlər üzrə Nümayəndəsi, “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya”nın İsveçrəli həmsədri, səfir Ervin Bollinger tərəfindən konfrans iştirakçılarına təbrik məktubu ünvanlanıb. Məktubda Palatanın fəaliyyətinə uğurlar arzu edilmiş və İsveçrə Hökumətinin dəstəyi ifadə olunmuşdur.

Tədbir çərçivəsində KOBİA tərəfindən ölkəmizdə KOB-lara göstərilən dəstək mexanizmlərinə, AZPROMO tərəfindən Azərbaycanın investisiya potensialına, SACCI tərəfindən palatanın interaktiv platformaları və saytına dair təqdimatlar keçirilib.

Sonra palatanın yeni strukturu təsdiqlənib, idarə heyəti və palataya yeni üzvlər seçilib, qarşıdakı dövrdə palata çərçivəsində görüləcək işlər müzakirə edilib, SACCI-yə üzv olan Azərbaycan və İsveçrə şirkətləri arasında ikitərəfli görüşlər təşkil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti