...

ExxonMobil-in keçmiş vitse-prezidenti Azərbaycanın dünya enerji sferasındakı rolundan danışıb

İqtisadiyyat Materials 10 Mart 2023 16:47 (UTC +04:00)
ExxonMobil-in keçmiş vitse-prezidenti Azərbaycanın dünya enerji sferasındakı rolundan danışıb
Emin Sevdimalıyev
Emin Sevdimalıyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan dünyada geosiyasi gərginlik azaldıqdan sonra belə enerji sahəsində mühüm iştirakçı olaraq qalacaq.

Bu barədə Trend-ə ExxonMobil-in keçmiş vitse-prezidenti Jan Baderşnayder X Qlobal Bakı Forumunun kuluarlarında deyib.

O, ötən il Avropada etibarlı və stabil qaz tədarükünün olmaması ilə əlaqədar enerji böhranının müşahidə edildiyini və bu zaman Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verdiyini qeyd edib.

Lakin Baderşnayder Azərbaycanın gücünün onun bərpa olunan enerji sferasındakı potensialında gizli olduğunu hesab edir. O, ölkənin bu istiqamətdə Avropa ilə enerji tərəfdaşlığının formalaşması üçün bütün imkanlara malik olduğunu qeyd edib.

"Baxmayaraq ki, Azərbaycan kiçik ölkədir, bərpa olunan enerji mənbələrinin inkişafının effekti çox böyük ola bilər. Azərbaycan su elektrik enerjisi, günəş enerjisi əldə etmək imkanlarına, həmçinin, küləyin gücündən istifadə etmək imkanına malikdir", - ExxonMobil-in keçmiş vitse-prezidenti əlavə edib.

Baderşnayder, həmçinin, gələcək trendləri öncədən sezmək bacarığı sayəsində reallaşdırılmış Cənub Qaz Dəhlizinin yaradılmasını yüksək qiymətləndirib.

O, yekunda Azərbaycanın energetika sənayesində mövcud olan ən nadir aktivi əldə etməyə nail olduğunu qeyd edib. Bu aktiv Azərbaycanla Avropa Komissiyası arasında bağlanmış uzunmüddətli satınalma müqaviləsidir.

Qeyd edək ki, martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti