Azərbaycan 2030-cu ilə qədər İKT sektorunun həcmini iki dəfə artırmağı planlaşdırır

İqtisadiyyat Materials 9 İyun 2026 10:47 (UTC +04:00)
Azərbaycan 2030-cu ilə qədər İKT sektorunun həcmini iki dəfə artırmağı planlaşdırır
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan 2030-cu ilə qədər İKT sektorunun həcmini iki dəfə artırmağı və ixracı 1 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.

Trend-in müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal ekosistemin inkişafı davam edir və onun mərkəzi elementi məhz "MyGov" platformasıdır. Məqsəd vətəndaşlara vahid rəqəmsal platforma vasitəsilə proaktiv və fərdiləşdirilmiş xidmətlərin təqdim olunmasıdır.

“Son bir il ərzində "MyGov" istifadəçilərinin sayı demək olar ki, üç dəfə artaraq 2,2 milyon nəfərə çatıb. Platforma vasitəsilə təqdim olunan xidmətlərin sayı 11 dəfə, mövcud məlumatların həcmi isə iki dəfə artıb.

Azərbaycanın 2030-cu ilə qədər olan rəqəmsal gündəliyi çərçivəsində ölkənin İKT sektorunun həcminin mövcud təxminən 2,3 milyard ABŞ dolları səviyyəsindən iki dəfə artırılması, həmçinin İKT ixrac potensialının 145 milyon dollardan 1 milyard dollara çatdırılması nəzərdə tutulur”, – deyə o bildirib.

F.Osmanovun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı və digər qurumlarla birgə vençur fondların, kraudfandinqin, texnoparkların inkişafı, eləcə də yüksək ixtisaslı mütəxəssislərin ölkəyə cəlb olunmasının sadələşdirilməsi məqsədilə iri qanunvericilik paketi üzərində iş yekunlaşmaq üzrədir.

Gözlənilir ki, yeni qanunvericilik təşəbbüsləri Azərbaycanın İKT və maliyyə sektorlarının sürətli inkişafı üçün əlverişli şərait yaradacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti