Bakı.Trend:
Azərbaycanın ödəniş ekosistemində son illərdə kəskin və dinamik artım qeydə alınıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) Böyük proqram təminatı mühəndisi / Ödəniş sistemlərinin inzibatçısı Tofiq Acırqayev Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə deyib.
Onun sözlərinə görə, ölkənin ödəniş ekosistemində son illərdə kəskin və dinamik artım qeydə alınıb. Belə ki, sistemdə emal edilən əməliyyatların sayı son 5 il ərzində 86 dəfə artaraq təxminən 116 mindən 10 milyonadək yüksəlib. Paralel olaraq, dövriyyənin məbləği də 9,3 dəfə artım nümayiş etdirib və 281 milyon manatdan 2,6 milyard manata çatıb.
T. Acırqayev qeyd edib ki, 2021-2024-cü illər ərzində artım tempi sabit və ardıcıl xarakter daşıyıb, hər iki ildən bir göstəricilərdə ikiqat artım müşahidə olunub. Lakin 2025-ci il bu sahədə əsl dönüş nöqtəsi olub: "2025-ci ildə əməliyyatların sayı 2024-cü illə müqayisədə 12 dəfədən çox artıb. Bu sıçrayışın əsas səbəbi P2P (şəxsdən şəxsə) köçürmələrinin artıq iOS əməliyyat sistemi vasitəsilə də emalının təşkil edilməsidir".
Mərkəzi Bankın rəsmisi cari ilin göstəricilərinə də toxunaraq, 2026-cı ildə də yüksələn xəttin davam etdiyini vurğulayıb: "Cari ilin yanvar ayında 312 milyon AZN dəyərində 2,1 milyon əməliyyat aparıldığı halda, aprel ayında bu rəqəmlər kəskin artaraq 940 milyon AZN dəyərində 9,8 milyon əməliyyata çatıb. Beləliklə, cəmi 4 ay ərzində əməliyyatların sayında 4,6 dəfə, ümumi məbləğdə isə 3 dəfəlik artım qeydə alınıb.
Müqayisə üçün bildirim ki, 2026-cı ilin ilk 4 ayı ərzində emal edilən ümumi məbləğ (2,23 milyard AZN), artıq 2025-ci ilin bütöv bir illik həcminin 85%-ni təşkil edir. Aprel ayında isə həm əməliyyat sayı, həm də məbləğ üzrə yeni aylıq rekordlar qırılıb".
