Bakı. Trend:
Beynəlxalq banklararası ödəniş sistemi olan SWIFT qlobal maliyyə bazarlarındakı rəqəmsal transformasiyaya uyğun olaraq öz infrastrukturunu təkmilləşdirir.
Trend xəbər verir ki, bunu SWIFT-in Türkiyə, Qafqaz və Mərkəzi Asiya üzrə rəhbəri Hikmət Can Yılmazsoy Bakıda keçirilən “X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti”ndə çıxışı zamanı deyib.
H.C.Yılmazsoy qeyd edib ki, müasir maliyyə sisteminin qarşısında duran əsas hədəflərdən biri fərqli ölkələr, fərqli sistemlər və fərqli tənzimləyici qaydalar (requlyasiyalar) arasında təhlükəsiz, 24/7 rejimində rəqəmsal aktiv axınını təmin etməkdir: "Yeni struktur müxtəlif qurumlar, fərqli valyuta cinsləri və fərqli aktiv tipləri arasında hesablaşmaların aparılmasına, eləcə də likvidliyin effektiv idarə edilməsinə şərait yaradacaq".
Mövcud infrastruktur üzərində gələcəyin inşası
SWIFT rəsmisinin sözlərinə görə, bu günün ödəniş axınlarını və infrastrukturunu inkişaf etdirərkən gələcəyin tələblərini də nəzərə almaq zəruridir: "Biz gələcəyin ödəniş axınlarını mövcud strukturla birgə işləyə biləcək şəkildə qururuq. Hazırda bu sistem dünyada 11 500-dən çox qurum tərəfindən istifadə olunur. Yeni mexanizmləri məhz bu nəhəng infrastruktur, qlobal standartlar və illərin təcrübəsi (ekspertiza) üzərində inşa etməyə çalışırıq".
G20 hədəfləri və beynəlxalq ödənişlərin sürətləndirilməsi
O çıxışında beynəlxalq ödənişlərin yerli ödənişlərdə olduğu kimi anlıq, kəsintisiz və sürətli icra olunmasının vacibliyini vurğulayıb: "2020-ci ildə keçirilən G20 ölkələrinin toplantısında maliyyə xidmətləri sektoru üçün müəyyən edilmiş hədəflər əsas yol xəritəsidir. Bu hədəflər dörd təməl prinsipə söykənir; sürət, şəffaflıq, əlçatımlılıq, maliyyə xərclərinin (maliyyətin) azaldılması".
SWIFT-in qiymət siyasətində yeni iqtisadi model
H.C.Yılmazsoy SWIFT-in banklararası ödəniş xərclərinin azaldılması istiqamətində yeni yanaşmalar tətbiq etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, qurum indiyə qədər qiymət tənzimlənməsi məsələlərinə sırf bankların daxili mövzusu kimi baxaraq bu prosesdən bir qədər uzaq durmağa üstünlük verirdi: "Lakin yeni strategiya çərçivəsində mövcud sərhədləri aşmadan banklararası ödəniş xərclərini aşağı salmağa yönəlmiş yeni iqtisadi modellər dəyərləndirilir. Tərəfdaş banklar üçün məcburi xarakter daşımayan, tövsiyə və yönləndirmə nitqində olan bu yeni ödəniş sxemləri üzərində işlər hazırda da davam etdirilir".
