Bakı. Trend:
İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlar – İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) – İİB Qrupunun Biznes Forumu (THIQAH) ilə tərəfdaşlıq şəraitində 16–19 iyun 2026-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində, Bakı Konqres Mərkəzində 14-cü Özəl Sektor Forumunun (PSF 2026) keçiriləcəyini elan etməkdən qürur duyur.
İİB Qrupunun İllik Toplantıları çərçivəsində təşkil edilən Forum Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin ali himayəsi altında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) yaxından iştirakı və əməkdaşlığı ilə baş tutacaq.
“Dayanıqlı Rifah naminə Regional İnteqrasiya” devizi altında keçiriləcək PSF 2026 davamlı iqtisadi artımın təşviqində, ticarət və investisiya axınlarının genişləndirilməsində, eləcə də İİB-ə üzv ölkələr arasında strateji tərəfdaşlıq imkanlarının reallaşdırılmasında özəl sektorun həlledici rolunu gücləndirmək məqsədi daşıyır. Regional dəyər zəncirinin və iqtisadi dayanıqlılığın təmin edilməsinin getdikcə daha böyük əhəmiyyət kəsb etdiyi bir dövrdə bu Forum əsas maraqlı tərəflər üçün yeni biznes imkanlarının araşdırılması, təcrübə mübadiləsinin aparılması və üzv dövlətlər arasında daha dərin iqtisadi inteqrasiyanın formalaşdırılması baxımından mühüm strateji platforma rolunu oynayacaq.
PSF 2026 transsərhəd investisiya və ticarət əlaqələrini təşviq etməklə yanaşı, infrastruktur, energetika, texnologiya, səhiyyə və maliyyə kimi strateji sahələrdə meydana çıxan yeni imkanları da diqqət mərkəzində saxlayacaq. Forum çərçivəsində təşkil olunacaq ali səviyyəli dialoqlar, B2B və B2G formatlı görüşlər, startapların cəlb edildiyi proqramlar və bilik mübadiləsi sessiyaları vasitəsilə dövlət-özəl sektor tərəfdaşlığının möhkəmləndirilməsi, sahibkarlıq subyektlərinin və KOB-ların dəstəklənməsi, eləcə də üzv ölkələrin iqtisadiyyatlarında innovasiyayönümlü inkişafın təşviqi hədəflənir.
Yüksəkvəzifəli dövlət rəsmiləri, aparıcı yerli və beynəlxalq şirkətlərin prezidentləri və baş icraçı direktorları, çoxtərəfli inkişaf institutları, ticarət və sənaye palataları, biznes assosiasiyaları, investisiyaların təşviqi agentlikləri, investorlar, sahibkarlar və maliyyə qurumlarının nümayəndələri də daxil olmaqla, tədbirin 1500-dən çox iştirakçını bir araya gətirəcəyi gözlənilir.
Panel müzakirələri və əsas məruzələrlə yanaşı, PSF 2026 çərçivəsində tərəfdaşlara öz layihələrini, xidmətlərini və investisiya imkanlarını nümayiş etdirmək imkanı yaradan xüsusi sərgi platforması da fəaliyyət göstərəcək. Forum həm də innovasiyaların təşviqi və perspektivli biznes ideyalarının ön plana çıxarılması məqsədi daşıyan startap müsabiqəsinə ev sahibliyi edəcək. Bundan əlavə, tədbir zamanı iqtisadi inkişaf və ticarətin asanlaşdırılması işinə verdikləri töhfələrə görə fərqlənən təşkilatların və şəxslərin təltif olunduğu İİB Qrupunun Fərqlənmə Mükafatları dördüncü dəfə öz sahiblərinə təqdim ediləcək.
Forum öz işində görkəmli natiqləri, o cümlədən İİB Qrupuna daxil olan qurumların baş icraçı direktorlarını – ICIEC-nin Baş icraçı direktoru və ICD-nin müvəqqəti Baş icraçı direktoru Dr. Xalid Xələfallanı və ITFC-nin Baş icraçı direktoru, mühəndis Ədib Yusuf Əl Aamanı qəbul edəcək. Onlar sənaye liderləri və mütəxəssislərlə birlikdə İİB-ə üzv dövlətlər arasında investisiya və ticarət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edən dəyərli fikirlərini və qabaqcıl təcrübələrini bölüşəcəklər.
Daha ətraflı məlumat əldə etmək üçün tədbirin rəsmi veb-saytına daxil ola bilərsiniz: www.isdbg-psf.org
İslam İnkişaf Bankı (İİB) haqqında:
İslam İnkişaf Bankı dünyanın müxtəlif yerlərindəki müsəlman ölkə və icmalarında sosial-iqtisadi inkişafı təşviq etməklə və irimiqyaslı müsbət dəyişikliklərə imza atmaqla xidmət göstərdiyi insanların rifahını yaxşılaşdırmaq məqsədilə fəaliyyət göstərən çoxtərəfli inkişaf bankıdır. 57 üzv ölkənin icmaları arasında həmrəyliyə əsaslanan tərəfdaşlıqlar quran Bank bu icmaları öz iqtisadi və sosial tərəqqilərini geniş miqyasda idarə etmək üçün zəruri alətlərlə təmin etməyə və onların potensialının reallaşdırılmasına imkan verən müvafiq infrastruktur formalaşdırmağa səy göstərir. Bankın “bazarların inkişafa xidmət etməsi”nə istiqamətlənmiş yeni biznes modeli qlobal dəyər zəncirlərində iştirak payının və inkişaf səviyyəsinin artırılması məqsədilə üzv ölkələrimizin strateji sənaye sahələrində rəqabət qabiliyyətinin yüksəldilməsinə öz töhfəsini verir. Buraya qida və kənd təsərrüfatı, toxuculuq, geyim, dəri məmulatları, ayaqqabı istehsalı, neft və neft-kimya, tikinti sənayeləri, eləcə də İslam maliyyəsi sahələri daxildir. Eyni zamanda Bank dünyanın ən qlobal inkişaf çağırışlarına qarşı innovativ və dayanıqlı həll yollarını təşviq edir, iqtisadi artımın strateji hərəkətverici qüvvəsi qismində texnologiya və innovasiya sahəsindəki elmi potensialdan faydalanır. Biz həm də Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində fəaliyyətimizi davam etdiririk.
İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) haqqında:
“AAA” reytinqinə malik İslam İnkişaf Bankının (İİB) tərkib hissəsi olan ICIEC risklərin azaldılması vasitələri və maliyyə həlləri təqdim etməklə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında iqtisadi əlaqələri gücləndirmək, habelə təşkilatdaxili ticarət və investisiya axınlarını təşviq etmək məqsədilə 1994-cü ildə fəaliyyətə başlamışdır. Korporasiya dünyada yeganə çoxtərəfli İslam sığorta təşkilatıdır. O, 51 üzv dövlətində fəaliyyət göstərən şirkətlərə və maraqlı tərəflərə genişmiqyaslı həllər paketi təqdim etmək baxımından daim ön sıralarda qərarlaşmışdır. ICIEC ardıcıl olaraq, 18 ildir ki, “Moody's” agentliyinin “Aa3” sığorta maliyyə dayanıqlılığı üzrə kredit reytinqini qoruyub saxlamaqla Kredit və Siyasi Risklərin Sığortalanması (CPRI) sənayesində Korporasiyanın lider mövqelərdə yer almasını təmin etmişdir. Bununla yanaşı, “Standard & Poor's” (S&P) agentliyi ICIEC-nin uzunmüddətli Emitent Kredit və Maliyyə Dayanıqlılığı üzrə “AA-” reytinqini, artıq üçüncü ildir ki, “Sabit” proqnozla təsdiqləyir. ICIEC-nin dayanıqlılığı onun etibarlı anderraytinq siyasəti, qlobal təkrar sığorta şəbəkəsi və risklərin idarə edilməsi üzrə qabaqcıl strategiyaları ilə dəstəklənir. Ümumilikdə, ICIEC ticarət və investisiya əməliyyatları üzrə 139 milyard ABŞ dollarından çox vəsaiti sığortalayıb. ICIEC-nin fəaliyyəti energetika, istehsalat, infrastruktur, səhiyyə və kənd təsərrüfatı kimi bir sıra strateji sektorlara yönəlmişdir.
Ətraflı məlumat üçün:
Veb-sayt: http://iciec.isdb.org
Sosial media kanalları: X | Facebook | LinkedIn | YouTube | Instagram
E-poçt: [email protected]
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) haqqında
Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan çoxtərəfli beynəlxalq təşkilatdır. Qurum şəriət prinsiplərinə uyğun olaraq, özəl sektor layihələrinə maliyyə dəstəyi göstərməklə üzv ölkələrin iqtisadi inkişafına öz töhfəsini verir. Eyni zamanda təşkilat layihələr üçün əlavə resurslar cəlb edir və İslam maliyyəsinin inkişafını təşviq edir. ICD-nin fəaliyyəti həm İİB-nin üzv ölkələrdəki təşəbbüslərini, həm də milli maliyyə institutlarının əməliyyatlarını tamamlayır. ICD 55 üzv dövlət və beş dövlət maliyyə institutundan ibarət səhmdar bazasına və 4 milyard ABŞ dolları məbləğində nizamnamə kapitalına malikdir.
Veb-sayt:
icd-ps.org
Sosial media hesabları:
Twitter: @ICD_PS
LinkedIn: ICDPS
Facebook: @icdps
YouTube: ICDPS
Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) haqqında
Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) İslam İnkişaf Bankı (İİB) Qrupuna daxil olan qurumlardan biridir. Korporasiya İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr arasında ticarətin inkişaf etdirilməsi məqsədilə yaradılmışdır. Bu təşəbbüs, nəticə etibarilə, dünya miqyasında insanların sosial-iqtisadi həyat şəraitinin yaxşılaşdırılması kimi qlobal hədəfə öz töhfəsini verir. Fəaliyyətinə 2008-ci ilin yanvar ayında başlayan ITFC indiyədək İƏT-ə üzv ölkələrə 96 milyard ABŞ dollarından çox həcmdə maliyyə vəsaiti ayırmışdır ki, bu da onu həmin dövlətlərin ehtiyaclarına yönəlik ticarət həlləri üzrə aparıcı təchizatçıya çevirir. Həm İƏT çərçivəsində, həm də onun hüdudlarından kənarda ticarətin inkişafına təkan verən aparıcı qüvvə olmaq missiyasını daşıyan Korporasiya üzv ölkələrdəki qurumların ticarət maliyyələşdirilməsinə daha səmərəli çıxışını dəstəkləyir. Eyni zamanda təşkilat onları qlobal bazarda uğurlu rəqabət qabiliyyətini təmin edəcək müvafiq potensialın gücləndirilməsi alətləri ilə təchiz edir.
Əlaqə məlumatları:
Twitter: @ITFCCORP
Facebook: @ITFCCORP
Linkedin: International Islamic Trade Finance Corporation (ITFC)
Tel: +966 12 646 8337
Faks: +966 12 637 1064
E-poçt: [email protected]
İslam İnkişaf Bankı Qrupunun Biznes Forumu (THIQAH) haqqında
İslam İnkişaf Bankı Qrupunun Biznes Forumu (THIQAH) İİB Qrupuna daxil olan qurumlarla təşkilata üzv ölkələrin özəl sektor şirkətləri və əlaqədar təsisatları arasında təmas və koordinasiyanı təmin edən xüsusi platformadır. THIQAH-in başlıca məqsədi perspektivli investisiya imkanları üzrə tərəfdaşlığa maraq göstərən biznes liderləri üçün səmərəli dialoq, əməkdaşlıq və inklüziv tərəfdaşlıq imkanı yaradan unikal bir mühit formalaşdırmaqdır. Özünün əlaqələndirici və təşviqedici rolunu həyata keçirərək THIQAH investorlara zəruri xidmətlər və etibarlı şərait təqdim etmək, eləcə də özəl sektorun aparıcı nümayəndələri ilə strateji tərəfdaşlıq əlaqələri qurmaq məqsədilə İİB Qrupunun resurslarını səfərbər edir. Platformanın əsas diqqəti İİB Qrupunun maliyyə məhsulları və xidmətlərinin dəstəyi ilə üzv ölkələr arasında transsərhəd investisiya həcminin maksimuma çatdırılmasına yönəlmişdir (www.idbgbf.org).
Əlaqə məlumatları:
E-poçt: [email protected]
Twitter: @IDBGTHIQAH
Facebook: Islamic Development Bank Group Business Forum - Thiqah
LinkedIn: Islamic Development Bank Group Business Forum - THIQAH