...

Nazir: Polşa Azərbaycanın ÜTT-yə daxil olmasında bələdçi rolu oynaya bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2007 12:59 (UTC +04:00)
Nazir: Polşa Azərbaycanın ÜTT-yə daxil olmasında bələdçi rolu oynaya bilər

Polşa, Varşava / Trend müxbir S.Ağayeva/ Cümə günü Polşanın iqtisadiyyat naziri Petr Voznyakın Varşavada jurnalistlərə verdiyi məlumata görə, Polşa Azərbaycanın ÜTT-yə daxil olmasında bələdçi rolu oynaya bilər.

"Biz Azərbaycana iqtisadiyyatın müəyyən sahələrinin ÜTT-nin standartlarına uyğunlaşdırılmasında kömək edə bilərik" - deyə nazir bildirib.

"Polşa ÜTT-nin üzvü kimi Azərbaycanın bu təşkilata qəbul olunmaq cəhdlərini fəal şəkildə dəstəkləyir" - deyə nazir qeyd edib. Polşa hökuməti artıq ÜTT-nin prinsiplərinin Azərbaycanın kənd təsərrüfatında tətbiqinə başlayıb.

"Bizim bu sahədə kifayət qədər bacarığımız və təcrübəmiz var və biz bu bacarıq və təcrübəni Azərbaycanla bölüşməyə hazırıq" - deyə Voznyak qeyd edib.

Polşanın iqtisadiyyat naziri hesab edir ki, Azərbaycan inkişaf etməkdə olan ölkə kimi ÜTT-yə üzv olan dövlətlərdən biri olmalıdır. Nazirin sözlərinə görə, Polşa həmçinin Azərbaycana həssas əmtəələrin ekspertizası və ölkənin mövcud qanunvericiliyinə dəyişikliklərin edilməsi işində yardım edə bilər.

Nazirin sözlərinə görə, Polşa hökuməti Azərbaycan üçün sərfəli olduğu təqdirdə meliorasiya, su təchizatı, infrastruktur, körpülərin tikintisi, yolların çəkilməsi sahəsində əməkdaşlıq təklif edir. Polşanın iqtisadiyyat naziri həmçinin Azərbaycan və Polşa arasında ticarət dövriyyəsinin aşağı səviyyəsindən narazı olduğunu bildirib. Onun sözlərinə görə, ticarət dövriyyəsinin həcminə görə Azərbaycan MDB dövlətləri arasında yeddinci yeri tutur. Nazinin sözlərinə görə, bu məsələ iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın noyabrın 7-8-də Bakıda keçiriləcək ikinci iclası zamanı diqqət mərkəzində olacaq.

"Biz Xəzər dənizinə çıxış əldə etməkdə Azəbaycana arxalanırıq və bu Polşanın hökumətinin qarşısında duran vəzifələrdən biridir" - deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti