...

Prezident İlham Əliyev: "Azərbaycanın valyuta ehtiiyatları iqtisadi islahatları daha da cəsarətlə aparmağa imkan verir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Oktyabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , İ.Xəlilova, S.Əliyev/ Doqquz ay ərzində əhalinin pul gəlirləri 38 faiz artıb ki, bu da real gəlirlərin 22 faiz artmasına səbəb olub. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Nazirlər Kabinetinin doqquz ay ərzində ölkənin sosial- iqtisadi inkişafı və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.

"Mənim fikrimcə, bu, iqtisadi islahatların nəticəsidir. Bu dövr ərzində ölkənin valyuta ehtiyatları 6.3 mlrd. dollara qədər artıb.Bu çox böyük məbləğdir və bizə imkan yaradır ki, öz iqtisadi islahatlarımızı daha da cəsarətlə aparaq. İmkan yaradır ki, dünyada baş verə biləcək hər hansı xoşagəlməz hadisə, yaxud da iqtisadi böhran Azərbaycana öz təsirini göstərməsin.",-deyə prezident söyləyib.

2008-ci ildə dövlət büdcəmizin xərcləri 10 milyard dollar təşkil edəcək, icmal büdcə isə, 12 milyard dollar olacaq. 2003-cü ildə dövlət büdcəmiz təxminən 1,5 milyard dollar idi. Prezident söyləyib ki, büdcə xərcləri əhəmiyyətli dərəcədə artıb ki bu da Azərbaycanda istənilən iqtisadi və infrastruktur layihələrinin genişlənməsi üçün əlavə imkanlar yaradır.

"Biz beynəlxalq maliyyə qurumlarının imkanlarından bundan sonra da istifadə edəcəyik",-deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, fərz etsək ki, xarici kreditlərdən imtina edirik, yenə də Azərbaycan bundan zərər çəkməyəcəkdir. Gələn il təkcə dövlət büdcəsi çərçivəsində qoyulacaq investisiyaların həcmi 3 milyard dollardan çoxdur. Yəni ki, biz istənilən sənaye, iqtisadi, infrastruktur layihəsini uğurla icra edə bilərik.

"Ölkəmizin ehtiyacları çoxdur, çox işlər görmək lazımdır. Bütün infrastruktur yeniləşməli, ən müasir səviyyəyə çatdırılmalıdır",-deyə İlham Əliyev söyləyib.

Xəbər lenti

Xəbər lenti