Azərbaycan, Bakı / Trend S.Babayeva/ 2007-ci ildə Azərbaycanda "quş qripi"nin qarşısının alınması üzrə 12-ci monitorinqin vaxtı müəyyənləşib. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, monitorinq dekabrın 17-də başlayacaq və dekabrın 27-nə qədər davam edəcək. Nəticələr dekabrın 28-də elan olunacaq.
Monitorinq Abşeron yarımadası və Pirallahi adası, Dəvəçi, Salyan, Ağcəbədi və Lənkəranda yerləşən milli parkların ərazilərini, həmçinin Xəzərin sahilyanı zolağını əhatə edəcək. Monitorinq tərkibi Baytarlıq Xidməti, Ekologiya, Səhiyyə nazirlikləri və Azərbaycan Ovçular Cəmiyyətinin mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən aparılacaq.
Ötən 11-ci monitorinqin nəticələri üzrə ölkə ərzisində virus aşkar olunmayıb.
Azərbaycanda 2005-ci ildən çöl quşlarının istifadəsi və satışına qoyulan qadağa qüvvədədir. Ölkənin bütün sərhəd-keçid baytarlıq məntəqələri "quş qripi"nin yayılmasının qarşısının alınması üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.