Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Müfəttişliyi şənbə günü Bakıda texniki təhlükəsizlik qaydalarının pozulması səbəbindən "İnteryer" MTK şirkəti tərəfindən inşa olunan yeni çoxmərtəbəli binanın tikintisini dayandırıb.
Bir girişli 12 mərtəbəli bina "İnteryer" MTK şirkəti tərəfindən paytaxtın Nizami rayonu ərazisində inşa olunurdu.
Bu gün həmçinin Müfəttişlik tərəfindən paytaxtın Nəsimi rayonu ərazisində "Tərəqqi" Tikinti MKT şirkətinin inşa etdiyi üç girişli 16 mərtəbəli binanın tikintisi dayandırılıb.
Tikilməkdə olan iri yaşayış obyektlərində gücləndirilmiş yoxlamalar avqustda Bakıda 25 nəfərin ölümü ilə nəticələnən 16 mərtəbəli binanın uçmasından sonra başlanıb. Hadisə yerində tədqiqat aparan ekspertlərin fikrincə, binanın uçma səbəblərindən biri texniki təhlükəsizlik qaydalarının pozulması olub.
Sentyabrda Əmək Müfəttişliyi texniki təhlükəsizlik qaydalarının pozulması, əmək müqaviləsinin olmaması və ya əmək haqqının düzgün göstərilməməsi səbəbindən 6 şirkətin: "Dizayn" MTK, "Kapitol", NES MMC, "Star" MMC, "Yuksel Insaat" və "Inam-Bayram" şirkətlərinin tikinti işlərini dayandırıb. Bir müddət sonra Müfəttişlik "Dizayn" MTK, "Kapitol", "Yuksel Insaat", "Inam-Bayram" şirkətlərinə tikinti işlərini davam etdirmək üçün icazə verib.