Azərbaycan, Bakı, 19 mart/ Trend , müxbir İ.Xəlilova/ Sintzyan Muxtar Respublikasından (Uyğur) olan bir qrup iş adamı Azərbaycanın İxracat və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çinin Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə martın 28-də Bakıya gəlir. Bu barədə AZPROMO-nun prezidenti Emil Məcidov məlumat verib.
Nümayəndə heyətinin tərkibinə beş hökumət üzvü və nəqliyyat, kənd təsərrüfatı texnikası, tikinti sahəsində ixtisaslaşmış 10 Çin şirkətinin nümayəndələri daxildir.
Məcidovun sözlərinə görə, səfərin gedişində Azərbaycanın iş adamları ilə ikitərəfli görüşlər keçiriləcək.
Azərbaycan və Çin biznesmenləri arasında əlaqələrin yaradılmasına AZPROMO və Çin-Avropa texniki-iqtisadi əməkdaşlığı assosiasiyası (CEATEC) arasında ötən ilin yayında imzalanmış əməkdaşlıq haqqında Memorandum əsasında başlanılıb. Sənədin əsas məqsədi Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin, iki ölkənin işgüzar insanları arasında münasibətlərin inkişaf etdirilməsidir. Memorandum məlumat mübadiləsini, əlaqələrin genişləndirilməsini, birgə tədbirlərin təşkil edilməsini nəzərdə tutur.
Tərəflər iki ölkənin biznesmenləri arasında əlaqələrin inkişafına xüsusi diqqət ayırmaq niyyətində olduqlarını vurğulayıblar.
CEATEC Çin və Avropa arasında ticari-iqtisadi əlaqələrin birbaşa dəstəklənməsi ilə məşğul olan Çin QHT-dir. Bu təşkilat Çin və Avropa şirkətlərinin əməkdaşlıq perspektivlərinin analizini həyata keçirir, işgüzar münasibətlərin, hökumət və şirkətlər arasında əməkdaşlığın inkişafını dəstəkləyir.
Məqalə müəllifinin ünvanı: [email protected]