...

Azərbaycan ÜTT-yə üzv ölkələrlə danışıqlar prosesində aqrar sektorun müdafiəsi ilə bağlı mövqeyini gücləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel/ Trend , müxbir İ.Xəlilova/Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaq prosesində kənd təsərrüfatı məsələlərinə dair danışıqlarda öz mövqeyini gücləndirmək niyyətindədir. Bu barədə çərşənbə axşamı ölkənin ÜTT-yə daxil olmasına hazırlıq üzrə Dövlət Komissiyasının rəhbəri, iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib.

"Bizim ikitərəfli və çoxtərəfli danışıqlar üzrə tərəfdaşlarımız həm Azərbaycan, həm də digər ölkələr üçün ərzaq təhlükəsizliyinin vacibliyini yaxşı başa düşürlər, - nazir qeyd edib. Əgər biz əvvəllər güzəştə getməyə hazır olmuşuqsa, indi əminəm ki, aqrar bölmə üçün subsidiyaların həcmi 10 faizdən aşağı ola bilməz".

ÜTT-nin tələblərinə görə, ölkə bu təşkilata inkişafda olan ölkə statusunda qəbul edilərsə, kənd təsərrüfatında ÜDM-dən 10 faizədək subsidiya saxlaya bilər. Ölkə təşkilata inkişaf etmiş ölkə kimi qəbul edildiyi halda, subsidiyaların həcmi 5 faizədək azaldılmalıdır.

Nazir ərzaq təhlükəsizliyinin təmin edilməsi çərçivəsində kənd təsərrüfatının subsidiyalaşdırılması həcminin genişləndirilməsi üzrə hökumətin planları ilə əlaqədar, bu prosesin ÜTT-yə üzv ölkələrlə danışıqlar prosesinin gedişinə təsir imkanlarını istisna etməyib.

Azərbaycan hökumətinin ÜTT İşçi qrupu ilə danışıqlarının beşinci raundu mayın 6-da Cenevrədə keçiriləcək. Hazırda ÜTT-nin katibliyi ilə danışıqların səviyyəsi dəqiqləşdirilir və istisna deyil ki, bu raundun vacibliyini nəzərə alaraq nazir özü bu görüşdə iştirak edəcək.

"Azərbaycanın təkcə ÜTT-yə deyil, digər istənilən beynəlxalq təşkilata üzvlüyü iqtisadiyyatın hansısa sahəsinin inkişafına mane olarsa, belə üzvlüyün zəruri olduğunu dəfələrlə nəzərdən keçirmək lazım gələcək", - Babayev bildirib.

Aqrar bölmənin inkişafı üçün hökumət üçüncü dəfə vergi tətillərinin müddətini artırıb. Əks halda kənd təsərrüfatı mallarının qiyməti artacaq və ya fermerlər bazardakı rəqabətə davam gətirə bilməyəcəklər. Bununla əlaqədar belə kömək gələcəkdə də göstəriləcək, belə ki, bu il güzəştlərin müddəti başa çatır. Son üç ilə dair məlumatlara əsasən, birinci il subsidiyaların həcmi 49 faiz səviyyəsində olub. Bu, kənd təsərrüfatındakı bütün borcların silinməsi ilə əlaqədar baş verib. Sonrakı illərdə subsidiyaların həcmi 13-14 faizədək azalıb.

Danışıqlar prosesində Azərbaycanın maraqlarını ÜTT-yə üzv ölkələr, ABŞ, Aİ kimi əsas iştirakçıların qarşısında müdafiə etmək lazım gələcək. Dünyada kənd təsərrüfatı məhsullarının əsas ixracatçısı olan Aİ Azərbaycanın təklif etdiyi gömrük rüsumları dərəcəsini azaltmağı təklif edir. Bəzi mallar üzrə dərəcələri sıfıra qədər azaltmaq təklif edilir. Bu gün sənayedə son məhsula 15 faiz, xammala isə 0-0,5 faiz səviyəsində idxal gömrük rüsumu tətbiq edilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti