...

Azərbaycanda zibilin yandırılması üzrə zavodun tikintisi layihəsi genişləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Aprel 2008 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel/ Trend müxbir İ.Xəlilova/ Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi məişət tullantılarının yandırılması üzrə zavodun tikinti layihəsini genişləndirməyi və layihəyə Balaxanıdakı məişət tullantıları poliqonunun örtülməsinin daxil edilməsi imkanını nəzərdən keçirir. Bu barədə nazirliyin investisiya siyasəti üzrə şöbəsinin rəisi Əsgər Ələkbərov məlumat verib. Hazırda layihənin podratçısı ilə müqavilənin şərtlərinə dair danışıqlar aparılır və buna görə, podratçının adı açıqlanmır.

Podrat şirkətinin müəyyən edilməsi üzrə tenderdə dörd şirkət iştirak edib - Fransanın CNİM, Avstriyanın EVN, Almaniyanın Enconi və Rusiyanın "Moskekostroy/Mosspeçstroy" şirkəti.

Zavodun Balaxanıda, poliqon ərazisi yaxınlığında tikilməsi nəzərdə tutulub. Onun illik gücü 500 min ton təşkil edəcək. Podratçı üçün əsas şərt müəssisənin ən yaxşı texnologiya üzrə tikilməsi və enerjinin əldə edilməsidir.

Rəsmi məlumatlara görə, Bakı və onun ətrafında hər il 1 mln. ton məişət tullantısı toplanır.

Əvvəllər poliqonun örtülməsi üzrə tədbirlər bu işləri Balaxanıdakı məişət tullantıları poliqonundan qazın alınması layihəsi çərçivəsində görəcək Yaponiyanın Mitsubishi korporasiyası tərəfindən həyata keçirilməli idi. Lakin, Ələkbərov bildirib ki, bu şirkətlə tədbirlərin həyata keçirilmə formaları müzakirə edilib və, o, layihənin texniki-iqtisadi əsaslandırılmasını hazırlayıb.

Mitsubishi-nin layihəsi ölkə büdcəsinə ağırlıq vermədən reallaşdırılacaq və yüksək ekoloji səmərəni nəzərdə tutur - Bakı ətrafında ətraf mühit nəzərəçarpacaq dərəcədə təmizlənəcək. Belə ki, metan qazından elektrik enerjisi əldə ediləcək. Mitsubishi öz vəsaitləri hesabına elektrik stansiyası tikmək və bu zavodda istehal edilən elektrik enerjisini əvəzi ödənilmədən paylayıcı şəbəkələrə vermək niyyətindədir.

Poliqonlarda toplanmış tullantılar ətraf mühitə mənfi təsir göstərir və nəticədə insan sağlamlığı üçün zərərli olan metan qazı formalaşır. Bunun yaxınlıqda yerləşən yaşayış məntəqələrinin əhalisi üçün təhlükə törətdiyini nəzərə alaraq, bu tullantıların təmizlənməsi zəruri faktor hesab edilir.

Mitsubishi ilk dəfə olaraq təmiz inkişaf mexanizmindən istifadə edərək öz vəsaitləri hesabına mövcud məişət tullantıları poliqonlarının sağlamlaşdırılmasını təklif edib.

Layihənin reallaşdırılması nəticəsində emissiyanın ixtisarı və onun inkişaf etmiş ölkələrdə reallaşdırılması üzrə sertifikatın alınması nəzərdə tutulur. Kioto protokoluna əsasən, inkişaf etmiş ölkələr digər ölkələrdə qaz emissiyasının ixtisarı üçün öz üzərlərinə götürdükləri kvotaların müəyyən hissəsini ödəyə bilərlər. Ələkbərovun sözlərinə görə, hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi BMT-dən metan qazı tullantıları üzrə kvotalarının satışına icazə almaq üçün işləri davam etdirir.

Bu gün Bakı ətrafında üç məişət tullantıları poliqonu var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti