...

Azərbaycan karbohidrogenlərin nəqli üzrə alternativlər yaradır – iqtisadi inkişaf naziri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2008 11:11 (UTC +04:00)
Azərbaycan karbohidrogenlərin nəqli üzrə alternativlər yaradır – iqtisadi inkişaf naziri ilə müsahibə

Qazaxıstan, Astana, 23 aprel/ Trend , müxbir K.Konırova/ Trend -ın Astanadakı xüsusi müxbirinin bu gün Qazaxıstanda, iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan hökumətlərarası komissiyanın iclasında iştirak edən Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevlə eksklüziv müsahibəsi. Babayev Azərbaycan tərəfdən komissiyanın həmsədridir.

- Sizin Astanaya səfəriniz komissiyanın iclasında iştirakdan əlavə, taxıl məsələsinin həlli ilə də bağlıdır?

- Bizim mövqeyimiz vəziyyəti aydınlaşdırmaqdır. Qazaxıstan hökuməti - "qadağa" sözünü işlətmək istəməzdim, taxıl ixracına məhdudiyyət tətbiq etmək qərarına gəlibsə, demək bunu ölkənin milli maraqları tələb edir. Biz Qazaxıstanın qərarına hörmət edirik. Lakin bizim bir neçə dəqiqləşdirici sualımız var. Qadağa tətbiq edilənədək bizim ölkələrmiz arasında şirkətlərlə müqavilələr bağlanmışdı və bu müqavilələr üzrə qabaqcadan 100 faiz ödəmələr edilib. Bu şirkətlər bizdən soruşurlar və biz bir hökumət kimi onlara bu vəziyyəti necə həll etmək və vəsaitlərin geri qaytarılıb-qaytarılmayacağı barədə cavab verməliyik. Axı, beynəlxalq təcrübəyə əsasən, qadağa qabaqcadan ödənilmiş müqavilələrə aid edilə bilməz. Bu heç bir halda fövqəladə səbəblərlə izah edilə bilməz və biz istərdik ki, Qazaxıstan tərəfi bu suallara cavab versin. Bəzi suallara artıq cavab verilib.

- Sizin fikrinizcə, dünya maliyyə böhranı daha çox sizin ölkənin iqtisadiyyatına təsir göstərib, yoxsa bizim ölkənin?

- Bizdə inflyasiyanın səviyyəsi sizinkindən çoxdur. Mən iki ölkə hökumətlərinin işini müqayisə etmək istəmirəm. Lakin sizin büdcənizin məxaric hissəsi Azərbaycan büdcəsinin məxaric hissəsi ilə müqayisədə az artıb, bizdə isə inflyasiya təzyiqi çox olub. Biz taxıl istehsal etmirik. Bu isə zəncirvari şəkildə bir çox məhsullarla bağlıdır, xüsusən bu gün inflyasiya barədə danışsaq, o zaman görərik ki, bu, ərzaq inflyasiyasıdır və sizin ərzaqların qiymətini tənzimləmək üçün daha böyük imkanlarınız var. Bu müqayisə ilə bizdə inflyasiya göstəricisi, demək olar ki, eynidir.

Azərbaycanın maliyyə bazarı dünya maliyyə böhranından hamıdan az zərər çəkib. Bunun subyektiv səbəbləri var - bizdə ipoteka biznesi o qədər də inkişaf etməmişdi, dövlətin bu seqmentdə iştirakı cüzi idi, kommersiya bankları isə çox az cəlb edilmişdi. Dünya maliyyə böhranının Azərbaycanın bank sisteminə təsirinin zəiflədilməsi üçün Milli Bank nəzarəti gücləndirib və məcburi rezervləşdirmə normaları tətbiq edib. Bunun nəticəsində heç bir Azərbaycan bankı zərər çəkməyib.

- Ötən ilin yayında mövcud Bakı-Tbilisi-Ceyhana paralel olaraq yeni neft kəmərinin tikintisi fikri səsləndirilib. Bu nə dərəcədə mümkündür?

- Paralel neft kəməri tikilə bilər. Prinsip etibarilə, biz bu məsələdə maraqlıyıq. Azərbaycandan nə qədər çox enerji ehtiyatları keçərsə, bizə iqtisadi və düşünürəm ki, siyasi baxımdan o qədər faydalı olacaq.

- Qazaxıstanın Xəzər nəqliyyat sisteminin yaradılması ilə bağlı işlər hansı mərhələdədir?

- Azərbaycanın siyasəti və Azərbaycanın məsuliyyəti Azərbaycanın hüdudları ilə bitir. Biz ölkə daxilində qardaş ölkələrə, o cümlədən də Qazaxıstana öz enerji ehtiyatlarını Azərbaycan vasitəsilə dünya bazarlarına nəql etmək imkanına sahib olmağa yardım edəcək texniki imkanlar, infrastruktur yaradırıq. Lakin düzgün başa düşün, biz dəstəkləməyə hazırıq, razı salmaq isə yersizdir.

Qazaxıstan öz neft və qazını nəql etmək qərarına gələrsə, Azərbaycan buna hazırdır. Biz tranzit ölkə statusunun nə qədər faydalı olduğunu anlayırıq və öz ərazimizdə texniki baxımdan buna hazırıq. Bu gün bizim Bakı-Tbilisi-Ərzurum qaz kəmərimiz (Cənubi Qafqaz qaz kəməri) var. Ərzurum isə Türkiyənin qazpaylayıcı qovşağıdır. Kifayət qədər gücə malik və buraxma gücünü çox asanlıqla artıra biləcək Bakı-Tbilisi-Ceyhan var. Qazaxıstanın Bakı-Tbilisi-Ceyhandan əlavə istifadə edə biləcəyi Bakı-Supsa neft kəməri var. Yeniləşdirilməsinə başladığımız dəmir yolu mövcuddur. Biz Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirəcək dəmir yolu layihəsini (Bakı-Tbilisi-Qars) həyata keçiririk. Bütün bunlar alternativlərdir və bizim vəzifəmiz alternativlər yaratmaqdır. Biz demirik ki, nefti yalnız Azərbaycan vasitəsilə nəql edin. Biz rəqabət yaratmırıq. Biz alternativ yaradırıq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti