...

AİB mühasibat və audit uçotunun inkişafı üçün Azərbaycana texniki yardım göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2008 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel/ Trend , müxbir İ.Xəlilova/ Asiya İnkişaf Bankı (AİB) iyunun birinci yarısında üç Qafqaz ölkəsinə mühasibat və audit uçotunun inkişafının dəstəklənməsi üçün $1 mln.-dək məbləğdə texniki yardımı təsdiqləməyi planlaşdırır. Bu barədə bankın Bakı nümayəndəliyindən məlumat veriblər.

Yardım beynəlxalq mühasibat standartlarının və audit fəaliyyəti standartlarının tətbiqinə göstəriləcək. Milli audit standartlarının hazırlanmasında və bu sahədə treninqlərin keçirilməsində yardım Azərbaycanın Hesablama Palatasına göstəriləcək.

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıya əsasən, ictimai əhəmiyyətli 20 təşkilat 2008-ci il yanvarın 1-dək mühasibat uçotunu aparmalı, beynəlxaql maliyyə hesabatlılığı standartları əsasında maliyyə hesabatlılığı təqdim etməlidirlər.

Belə təşkilatların seçilməsi üçün onların aktivləri 100 mln. manatı ötməli, illik gəlirləri - 5 mln. manat, əməkdaşlarının sayı isə 1 min nəfərdən çox olmalıdır.

Belə meyarlara ARDNŞ, "Azərenerji", "Bakıelektrikşəbəkə", "Azercell" BM, ARDNŞ-ın Neft kəmərləri, Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, "Azneft" İB, Heydər Əliyev adına Neft Emalı Zavodu və "Azneftyağ", ADDY, Bakımetropoliten, "AzAL" Dövlət Konserni və onun Milli Aviasiya Şirkəti, XDG, "Azəriqaz", "Azəriqaznəql", "Azərsu", "Aztelekom" İB, "Azərkimya" Dövlət Şirkəti və onun tərkibinə daxil olan polietilen zavodu uyğun gəlir.

Dövlət müəssisələrindən başqa, respublikanın bir çox özəl müəssisələri indiyədək mühasibat uçotunun sovet standartlarından istifadə edirlər. 2004-cü ildə Milli Banka iki standart üzrə - beynəlxalq və yerli standartlar üzrə hesabatlılıq təqdim edən bank təşkilatları bu gün tamamilə yeni hesab planına keçiblər.

"Mühasibat uçotu haqqında" Qanuna müvafiq olaraq, 2007-ci ilin sonunadək kommersiya təşkilatlarında beynəlxalq standartlar əsasında qəbul edilmiş milli mühasibat uçotu standartlarının tətbiqi başa çatmalıdir. Bununla əlaqədar olaraq, Milli mühasibat uçotu standartlarının tətbiqi Dövlət Proqramında 2005-08-ci illərdə standartların növbəli tətbiqi göstərilir. Büdcə və qeyri-hökumət təşkilatları bu prosesi 2008-ci ilin sonunadək başa çatdırmalıdırlar. Kiçik və orta müəssisələr üçün isə 2006-cı il yanvarın 1-dək vaxt ayrılıb. Bələdiyyələr, büdcə təşkilatları, dövlət fondları üçün son müddət 2009-cu il yanvarın 1-nə təyin edilib.

Milli standartların hazırlanması üzrə cavabdeh yanvarın sonunda bu sahədəki real vəziyyət barədə hesabat verən Maliyyə Nazirliyidir. Aydın olub ki, Azərbaycanda icitmai əhəmiyyətli təşkilatların yeni mühasibat sisteminə keçməsindən sonra (2008-ci il 1 yanvar) beynəlxalq maliyyə hesabatlılığı standartları (İFRS) üzrə ilk hesabatların təqdim edilməsi tarixi bu il mayın 1-nə təyin edilib.

İFRS-ə keçməyə başlayan təşkilatlar arasında ən yaxşı nəticələr "Azercell", ARDNŞ, "Azerenerji" və "Azeriqaz"da qeyd edilib. Bu təşkilatlar 2008-ci il mayın 1-dək İFRS üzrə hesabatlar təqdim etməlidirlər.

Bundan əlavə, mayın 1-dək daha 10 milli maliyyə hesabatlılığı standartı təsdiq ediləcək. Keçid qrafikinə əməl etməyən təşkilatlara qarşı cərimələr tətbiq ediləcək. Nazirliyin nümayəndəsi bu məqsədlə monitorinqlərə hazırlığın artıq başladığını bildirib. Hazırda dünyada sayı əvvəlki 41-48 standartdan azalan 28 İFRS var.

Aprelin 25-nə olan rəsmi məzənnə 0,8289 AZN/USD

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti