...

Azərbaycan hökuməti əhalinin sosial müdafiəsi üzrə tədbirləri gücləndirəcək – nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2008 19:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti ölkədə istehlak mallarının qiymətinin artması ilə əlaqədar əhalinin sosial müdafiəsi üzrə tədbirləri gücləndirmək niyyətindədir. Bu barədə çərşənbə axşamı maliyyə naziri Samir Şərifov, İqtisadi siyasət üzrə parlament komissiyasının iclasında məlumat verib.

Bununla əlaqədar olaraq, 2008-ci il üçün dövlət büdcəsinə dəyişikliklər layihəsində sosial yönümlü tədbirlər üçün əlavə olaraq 400 mln. vəsait nəzərdə tutulub. Bu vəsait birinci növbədə minimum əmək haqqının, pensiyaların baza hissəsinin minimal məbləğinin artırılmasına yönəldiləcək.

"Hökumət uzun müddətdir ki, sosial müavinətlərin məbləğini yenidən nəzərdən keçirməyib. Lakin inflyasiya gözləmələri ilə əlaqədar bunun üçün böyük zərurət yaranıb", - nazir qeyd edib.

Bu gün bütün dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərə böyük diqqət ayrılır. Azərbaycan bu problemlərin olmasını və dünya bazarlarında qiymət artımının daxili istehlak bazarına təsirini nəzərə alaraq, kənd təsərrüfatı istehsalçılarına maddi yardımın göstərilməsi üçün əlavə vəsaitlərin ayrılmasını zəruri sayıb. Ölkə hökuməti 2007-ci ildən aqrar sənaye kompleksinə subsidiyalar ayırır. Bu, fermerlərin yanacaq və gübrənin alınmasına olan xərclərini 50 faiz ödəməyə imkan verib.

Nazirin sözlərinə görə, əlavə tədbirlər toxumçuluğun inkişafı, eləcədə taxıl istehsalının artırılması üçün nəzərdə tutulub. Şərifov ərzaq təhlükəsizliyi ilə bağlı problemlərin həlli məqsədilə taxıl fondunun yaradılması üçün müəyyən ehtiyatların tələb olunacağını bildirib.

Hökumət iqtisadi fəaliyyətin inkişafı ilə 2008-ci ildə regionların infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə tədbirlər nəzərədə tutur. Bunun üçün yenilənmiş dövlət büdcəsi proqnozlarında 900 mln. manat ayrılıb. İdxal məhsullarının qiymət artımı ilə əlaqədar, dərman preparatlarının alınması məqsədilə Səhiyyə Nazirliyinə əlavə xərclər üçün 5 mln. manat müəyyən edilib.

İqtisadi inkişaf naziri Heydər Babayev hesab edir ki, əhalinin gəlirlərinin artması ilə alıcılıq qabiliyyəti də artır və bu, inflyasiyanın artmasına gətirir. Birinci rübün yekunlarına görə, ölkədə istehlak qiymətlərinin artım templəri illik hesablamada 16,5 faiz, ilin əvvəli ilə müqayisədə isə 8 faiz təşkil edib. Belə artım ərzaq mallarının qiymət artımı ilə bağlıdır.

Bu faktorların əhalinin aztəminatlı təbəqələrinə təsirinin azaldılması üçün hökumət müəyyən tədbirlər görmək niyyətindədir. Bununla bağlı yaxın günlərdə Nazirlər Kabinetinin taxıl və unun əlavə dəyər vergisindən azad edilməsinə dair qərar qəbul edəcəyi gözlənilir. [Apreldə 1 il əvvəl taxıl idxalının ƏDV-dən azad edilməsi ilə bağlı tətbiq edilən müddət bitir.]

Bununla yanaşı, nazir birinci rübün yekunları üzrə kənd təsərrüfatında istehsalın 3,5 faiz artmasını diqqətəlayiq fakt adlandırıb. Bunun üçün stimul rolunda ASK-nın inkişafının dəstəklənməsi üzrə görülən tədbirlər çıxış edib.

Xəbər lenti

Xəbər lenti