...

AccessBank BMT-nin Qlobal Sazişini Azərbaycanda tətbiq etmək məqsədi ilə bu müqaviləyə qoşulur

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2008 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend / AccessBank cümə axşamı BMT-nin Qlobal Sazişiniə qoşulduğunu elan edib - bu Saziş Azərbaycanda BMT İnkişaf Proqramı (BMTİP), Avrasiya Tərəfdaşlıq Fondu, eləcə də Azərbaycanda İxracat və İnvestisiyalara Dəstək Fondu (AZPROMO) tərəfindən həyata keçirilir. Bu barədə bankın cümə axşamı yayılan məlumatında bildirilir.

BMT-nin Qlobal Sazişinə qoşulmaqla AccessBank insan hüquqları, əmək, ətraf mühitin mühafizəsi və korrupsiya ilə mübarizə sahələrində ümumi qəbul olunmuş 10 prinsipi həyata keçirmək niyyətindədir. Qlobal Sazişin həyata keçirilməsinə qoşulan ilk şirkətlərdən biri kimi, AccessBank Qlobal Sazişin Azərbaycanda tətbiqini dəstəkləyir və bunda iştirak edir.

AccessBank fəaliyyətə başladığı dövrdən bəri yüksək etik standartlara riayət olunması bu Bankın korporativ üslubunun əsas elementi hesab olunur. Korporativ Sosial Öhdəlik AccessBank-ın öz işçi heyəti ilə münasibətlərdən tutmuş, müştərilərlə əlaqələrin şəffaflığınadək, bütün aspektləri əhatə edir.

AccessBank-ın yerli ictimaiyyətin mənafeyinə xidmət edən ən son layihələrinə bankın "Yaradan" Gənc Rəssamlar Mərkəzinin açılmasına yardım etməsi, eləcə də əlillər üçün bank işi üzrə treninqlərin təşkilini misal göstərmək olar. Dekabrın 20-də AccessBank Bakıdakı 4 filialında qanvermə aksiyası keçirəcək - bu aksiya, talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi ilə həyata keçirilir.

"Azərbaycanda Qlobal Sazişin həyata keçirilməsində iştirak edərək, onun şəffaflığını təmin etmək, ətraf mühiti mühafizə etmək, əməkdaşlarımız və müştərilərimizin hüquqlarını qorumaqla biz, başqa şirkətləri də bu normalara riayət olunmasına sövq etməyə səy göstəririk. AccessBank təkcə iqtisadiyyatın deyil, həm də işgüzar etika və mədəniyyətin də inkişaf etdirilməsində aparıcı rol oynamağa çalışır", - deyə, AccessBank-ın baş meneceri Endryu Pospielovski qeyd edib.

AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.

Xəbər lenti

Xəbər lenti