...

Azərbaycanda 2009 - cu ilin dövlət büdcəsi proqnozları təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2008 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə, 2009-cu ilin dövlət büdcəsi təsdiq edilib.

Büdcənin gəlirləri 12,177 mlrd. manat (o cümlədən mərkəzləşdirilmiş gəlirlər 11,698 mlrd. manat, yerli gəlirlər 0,479 mlrd. manat) və ya ÜDM-in 27,9 faizi, xərcləri - 12,355 mlrd. manat (mərkəzləşdirilmiş xərclər - 11,095 mlrd. manat, yerli - 1,259 mlrd. manat) və ya ÜDM-in 28,3 faizi səviyyəsində təsdiq olunub. Dövlət büdcəsində kəsirin yuxarı həddi 178 mln. manat və ya ÜDM-in 0,4 faizi səviyyəsindəqəbul olunub. Büdcə kəsirinin örtülməsinin əsas mənbələri özəlləşdirmə, dövlət istiqrazlarının daxili və xarici bazarlarda satışından əldə edilən gəlirlər, 2009-cu il yanvarın 1-nə xəzinədarlıq hesabından qalan qalıqdır.

Azərbaycanın 2009-cu ilin dövlət büdcəsinin proqnozları neftin bir barelinin qiyməti 70 dollar, mübadilə məzənnəsi 1 ABŞ dollarına görə 0,8 manat olmaqla hazırlanıb.

Vergilər Nazirliyi dövlət büdcəsi daxilolmalarının 5,75 mlrd. manatını (2008-ci illə müqayisədə 6,9 faiz artımla) təmin etməlidir. Neft sektorundan vergi daxilolmaları 2,68 mlrd. manat (2008-ci illə müqayisədə 7,6 faiz azalma), qeyri-neft sektorundan - 3,07 mlrd. manat (23,8 faiz artımla) məbləğində planlaşdırılıb.

Dövlət Gömrük Komitəsinin xətti ilə 1,3 mlrd. manat (17,1 faiz artımla) səviyyəsində daxilolma gözlənilir.  Dövlət Neft Fondundan transfertlərin 4,915 mlrd. manat, dövlətin maliyyələşdirdiyi təşkilatların büdcədənkənar vəsaitlərindən daxilolmaların 137 mln. manat təşkil edəcəyi, digər daxilolmaların 70,3 mln. manat olacağı gözlənilir.

Xərclər strukturunda məqsədli proqramların maliyyələşdirilməsinə 5,492 mlrd. manat, sosial xərclərə - 4,024 mlrd. manat yönəldiləcək, yerdə qalan vəsait digər məqsədlərin payına düşəcək.

2009-cu ildə dövlət büdcəsindən müdafiəyə 1,205 mlrd. manat, QHT-nin dəstəklənməsinə - 2,8 mln. manat, ilk dəfə olaraq KİV-in dəstəklənməsinə - 1,3 mln. manat, sosial ipotekaya -14,5 mln. manat, avtomobil yollarının yaxşılaşdırılmasına 334 mln. manat ayrılacaq.

Azərbaycanın məcmu büdcəsinin mədaxili 22,68 mlrd. manat, məxarici 14,758 mlrd. manat məbləğində nəzərdə tutulub. 2008-ci ilin proqnozları ilə müqayisədə gəlirlər 29,9 faiz (5,215 mlrd. manat), xərclər 15,5 faiz (1,98 mlrd. manat) artacaq.

2009-cu ilin birləşdirilmiş büdcəsi 7,922 mlrd. manat profisitlə, ARDNF-in gəlirləri nəzərə alınmadan 6,645 mlrd. manat kəsirlə və ya ÜDM-in 15,2 faizi səviyyəsində proqnozlaşdırılır.

Dekabrın 11-nə olan cari mübadilə məzənnəsi -- 0,8068 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti