...

"Vahid pəncərə" prinsipi Azərbaycanda gömrük-buraxılış məntəqələrində qeydiyyat müddətini 20 dəqiqəyədək azaltmağa imkan verəcək – Dövlət Gömrük Komitəsinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2008 14:34 (UTC +04:00)
"Vahid pəncərə" prinsipi Azərbaycanda gömrük-buraxılış məntəqələrində qeydiyyat müddətini 20 dəqiqəyədək azaltmağa imkan verəcək – Dövlət Gömrük Komitəsinin rəhbəri

Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir A.Bədəlova/ "2009-cu il yanvarın 1-dən "vahid pəncərə" prinsipinin tətbiqi ilə Azərbaycanın gömrük-buraxılış məntəqələrində yoxlanış müddəti 20 dəqiqəyədək azaldıla bilər", - Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev çərşənbə günü bildirib.

"Hər hansı bir pozuntu olmadığı halda, yüklərin sərhəddən keçidi 20 dəqiqə ərzində həyata keçiriləcək, - Əliyev deyib. - Bu və ya digər problemlər olduqda və ya lazımi sənədlər olmadıqda, müəyyən yoxlamalar aparmaq lazımdır".

"Bu prinsipin tətbiqi nəqliyyatın hərəkətinin sürətlənməsinə, Azərbaycanda biznes-mühitin yaxşılaşmasına, xərclərin azalması və şəffaflığın təmin edilməsinə yardım edəcək", - Əliyev "vahid pəncərə"nin bu gün keçirilən təqdimatında bildirib.

Bu gün yüklər sərhəddən keçərkən, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətindən əlavə, Dövlət Fitosanitar Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Səhiyyə Nazirliyinin Sanitar Idarəsi, nəqliyyat və daxili işlər nazirliklərinin yoxlamasından keçirlər.

Əliyevin sözlərinə görə, "vahid pəncərə"nin əsas prinsiplərindən biri yüklərin və nəqliyyat vasitələrinin sərhəddən yalnız bir xidmətin nəzarəti altında keçməsidir. Gömrük orqanları, növündən asılı olmayaraq, hər hansı bir pozuntu aşkar edərlərsə, özləri müvafiq orqanlarla məsləhətləşmələr aparacaqlar, məsuliyyətin ölçüsü isə, qanunvericiliklə müəyyən olunacaq.

"İstənilən ölkənin imici sərhəddə formalaşır. Bu baxımdan, Azərbaycanın sərhədləri hər bir ölkə üçün nümunə olmalıdır. Və biz buna çalışacağıq", - Əliyev deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti