...

Azərbaycanda neft şirkətləri əcnəbilərin ölkədə yaşamalarına icazə almaqdan yayınırlar-nazirliyin şöbə rəisi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2008 19:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr/ Trend , müxbir K.Zərbalıyeva/ Neft sektorunda, hasilatın pay bölgüsündə iştirak edən şirkətlər işə cəlb etdikləri əcnəbilər üçün Azərbaycanda müvəqqəti yaşamağa icazə almaqdan yayınırlar, - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə rəisi Rauf Tağıyev Dövlət Miqrasiya Xidmətində mətbuat konfransında bildirib.

Azərbaycanda əmək fəaliyyəti leqallaşdırılan 4200 miqrant var. Lakin qeyri - leqal fəaliyyət göstərən miqrantların sayı bu göstəricidən 3 dəfə çoxdur.

"Qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan miqrantlar daha çox inşaat, neft sektorlarında, infrastruktur layihələr üzrə fəaliyyət göstərən şirkətlərdə çalışanlardır,"- nazirlik rəsmisi vurğulayıb.

Əmək fəaliyyətinin leqallaşdırılması ilə bağlı xarici şirkətlərə müvafiq məlumatlar çatdırılıb, lakin əcnəbilərin fəaliyyətinin leqallaşdırılması üçün vaxt tələb olunur, - Dövlət Miqrasiya Xidmətinin rəisi Arzu Rəhimov mətbuat konfransında bildirib. Onun sözlərinə görə, son illər Azərbaycana əmək fəaliyyəti ilə bağlı gələn miqrantların sayı artıb.

"Onlar arasında Avropa ölkələri, MDB respublikaları, Asiya ölkələrinin vətəndaşları var. Bu sırada Çin vətəndaşlarının sayı bizi narahat edəcək qədər də çox deyil",- Rəhimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda yaşayan əcnəbilərin sayının dəqiqləşdirilməsi üçün araşdırmalar aparılır. Bu rəqəm gələn ilin əvvəlində məlum olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti