...

Dünya maliyyə böhranının dərinləşməsi Azərbaycanda QHT-yə dövlət dəstəyinə yenidən baxılmasına gətirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2008 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir İ.Xəlilova/ "Dünya maliyyə böhranı Azərbaycanda Qeyri-Hökumət Təşkilatlarının (QHT) fəaliyyətinə təsir göstərməyib", - ölkə prezidenti yanında QHT-yə Dəstək Şurasının rəhbəri Azay Quliyev bildirib.

"Bu, qeyri -  kommersiya təşkilatlarıdır. Lakin ümumilikdə, böhran uzanarsa və Azərbaycan iqtisadiyyatına hər hansı bir təsiri olarsa, mütləq ümumi əhvala, o cümlədən də QHT- nin fəaliyyətinə təsir göstərəcək", - Quliyev vurğulayıb.

Lakin onun sözlərinə görə, böhranlı vəziyyət davam edərsə, çox ehtimal ki, QHT-nin dövlət xəzinəsi hesabına maliyyələşdirilməsi həcminə yenidən baxmaq lazım gələcək. 2009-cu ilin təsdiqlənmiş dövlət büdcəsi çərçivəsində Azərbaycan hökuməti Qeyri - Hökumət Təşkilatlarına maliyyə dəstəyini təxminən 70 faiz artırmağa hazırdır. 2009-cu ilin dövlət büdcəsindən QHT layihələrinin maliyyələşdirilməsinə 2,5 mln. manat ayırmaq planlaşdırılır. Ötən il bu göstərici 1,5 mln. Manat olub.

"Hazırda 2009 - cu il maliyyələşdirilməsinin prioritet istiqamətləri müzakirə olunur və dekabrın 23-də bütün QHT nümayəndələri və müxtəlif sahələrdən maraqlı şəxslərlə müzakirələr aparacağıq", - Quliyev deyib. 

Onun rəyinə görə, QHT layihələrinin seçimi üçün müsabiqənin keçiriləcəyi müddət yanvarın 1-ci yarısında müəyyən ediləcək. Dövlət xəzinəsində nəzərdə tutulmuş 2,5 mln. manat vəsaitdən layihələrin maliyyələşdirilməsinə iki milyon manata yaxın vəsait yönəldiləcək, qalan vəsaitlər katiblik və QHT Şurasının saxlanılması üçün nəzərdə tutulub.

Layihələrin realizəsi üçün vəsaitlərin mənimsənilməsinin monitorinqi dekabrın sonunadək aparılacaq. 2008-ci ildə QHT-nin 190 layihəsinə 1,2 mln. manat sərf edilib.

"Monitorinqin ilkin nəticələri onu göstərir ki, bəzi QHT, əslində, qarşılarına qoyulan vəzifələrin realizəsinə peşəkarcasına yanaşırdılar. Lakin nöqsanları olan - vaxtından gec, əsaslandırılmamış gecikmələrlə hesabat təqdim edən Qeyri-Hökumət Təşkilatları da var. Monitorinqin nəticələri üzrə görürük ki, onlar layihələri heç də düzgün yerinə yetirməyiblər", - Quliyev qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, QHT-nin 15 prioritet istiqaməti müəyyən edilib və 2008 - ci ildə ilk dəfə olaraq büdcə vəsaitləri hesabına maliyyələşdirilib. Onların arasında insan hüquqlarının  müdafiəsi, demokratikləşmə, sosial sahə, Azərbaycanın xaricdə təbliği, Ermənistan tərəfindən təcavüz barədə məlumatın çatıdırılması sahəsində və s. layihələr var.

"İndiyədək heç bir beynəlxalq təşkilat bu sahələrin maliyyələşdirilməsinə meylli olmayıb və buna görə də, hesab edirəm ki, dövlətin bu istiqamətdə dəstəyi müsbət nəticələr verəcək", - Şura rəhbəri deyib.

Azərbaycanın Ədliyyə Nazirliyinin 2008-ci ilin əvvəlinə olan məlumatlarına görə, QHT qismində 2,5 min təşkilat dövlət qeydiyyatından keçib. Lakin Quliyevin sözlərinə görə, hazırda onların sayı dəqiqləşdirilir və çox güman ki, belə təşkilatların sayı 3 minə çatır.

Dekabrın 22 - nə olan cari mübadilə məzənnəsi -- 0,802 AZN/USD. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti