...

Azərbaycan şirkəti İrandan aldığı çayın həcmini artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2009 13:15 (UTC +04:00)

İran, Tehran, 13 yanvar/ Trend , müxbir A.Namdari/ Azərbaycanın "Azersun Holding" şirkəti 2009-cu ildə İrandan 500 ton çay almağı planlaşdırır. Bu barədə İran prezidentinin çayçılıq üzrə xüsusi nümayəndəsi, Gilan vilayəti İcra Hakimiyyətinin rəhbəri Çabuk Qəhrəmani ilə "Azersun Holding"in baş direktoru Fevzihan Aras arasında keçirilən görüşdə bildirilib.

"2008-ci ildə şirkət İrandan 250 ton çay alıb, bu dəfə isə biz Gilan vilayətindən 500 ton çay almağı planlaşdırırıq", - deyə Aras bildirib

Arasın sözlərinə görə,  iki dövlət bir-biri ilə əməkdaşlıq edərək böyük nəticələrə nail ola bilər.

"Biz İrana məhz neft, ərzaq və tikinti sahələrində yardım göstərmək üçün bütün imkanlarımızdan istifadə etməyə hazırıq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, "Azersun" dünyanın 12 ölkəsinə çay ixrac edir və hər il 10 min tondan çox çay satışı həyata keçirir.

Aras söyləyib ki, onun İrana səfərdə məqsədi gələcəkdə çayın qablaşdırılması və dünyanın digər ölkələrinə ixracı üçün məhz Gilan vilayətindən çay almaqdan ibarətdir.

Vilayətin İcra Hakimiyyətinin rəhbəri Qəhrəmani bildirib ki, Azərbaycan əməkdaşlıq üçün yaxşı potensiala malikdir və "biz dost və həmsərhəd ölkələrlə əməkdaşlığımızı inkişaf etdirmək niyyətindəyik".

"İranın Gilan vilayətində Azərbaycan üçün maraq doğuran potensial mövcuddur. Biz çay sahəsində  Azərbaycan Respublikası ilə  səmimi və yaxşı əməkdaşlıq etməyə hazırıq", - deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti