...

DB Azərbaycanda yol layihəsinə əlavə maliyyə vəsaiti ayırmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2009 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 mart / Trend , müxbir İ.Xəlilova /

Dünya Bankı (DB) Azərbaycanda yol layihəsi ilə bağlı planlarını müəyyən edib. Bank layihənin reallaşdırılmasına 2009-cu il maliyyə ilində 50 mln. dollar həcmində güzəştli kredit ayırmağı planlaşdırır. Bu barədə hökumətdən bildiriblər.

"DB Azərbaycan tərəfinin Bakı-Şamaxı-Muğan avtomobil yolunun tikinti planının iki zolaqlıdan dörd zolaqlıya dəyişdirilməsi barədə təklifini qəbul edib", - deyə hökumətdəki mənbə söyləyib.

Azərbaycanın Nəqliyyat Nazirliyi Dünya Bankına bu avtomobil yolunun yenidənqurma planına yenidən baxmağı təklif edib. Plana əsasən, yol dörd zolaqlı olacaq. İlkin olaraq, layihənin texniki-iqtisadi əsaslandırılması iki zolaqlı yolun tikintisi planı əsasında hazırlanmışdı.

Yolun uzunluğu 124 kilometrdir. Təsdiq edilmiş layihəyə əsasən, onun tikintisi 90,11 mln. dollar qiymətləndirilir. İlkin olaraq 72,09 mln. dollar məbləğində tikinti işlərinin DB, 18,02 mln. dolarının isə Azərbaycan tərəfinin vəsaitləri hesabına həyata keçirilməsi planlaşdırılırdı. Nazirlikdə layihənin bahalaşması ilə bağlı yeni hesablamalar aparılıb, lakin onlar hələlik açıqlanmır.

Tikinti işlərinin görülməsi üçün baş podratçı İtaliyanın Todini Costruzioni Generali S.p.A şirkəti seçilib. Layihənin məsləhətçisi qismində Finlandiyanın Finroad şirkəti çıxış edir.

Layihə çərçivəsində Tovuz dairəvi yolunun tikintisi nəzərdə tutulur ki, hazırda bununla əlaqədar bu ərazidə yaşayan insanlardan torpaqların alınması üzrə işlər aparılır. Yolun uzunluğu 7,2 kilometrdir. Nazirlikdən 3,3 kilometrdə işlərin artıq həyata keçirildiyini bildiriblər.

Bakı-Şamaxı-Muğan yolu Bakını respublikanın qərb rayonları ilə bağlayacaq. Layihənin əsas məqsədi nəqliyyat xərclərinin azaldılması və çıxışın, tranzitin artırılması, Şərq-Qərb Azərbaycan dəhlizləri üzrə keçid üçün yol təhlükəsizliyinin təmin edilməsidir.

Bu yol layihəsi DB Direktorlar Şurasında 2006-cı il yanvarın 17-də təsdiqlənib. Kredit ehtiyatları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri ilə ayrılıb: 4 il güzəştli dövr olmaqla 20 il müddətinə və illik libor+0,5 faiz dərəcə ilə.

Lakin əlavə maliyyə vəsaitlərinin illik 0,75 faiz dərəcəsi və 10 il güzəşt dövrü ilə 35 il müddətinə verilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti