...

Yaxın günlərdə Bakı-Tbilisi-Qars dəmiryolunun Gürcüstan hissəsində işlərə yenidən başlanılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2009 20:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir E.İsmayılov /

Pis hava şəraiti səbəbindən dayandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun Gürcüstan hissəsinin tikintisinə martın 15-dən etibarən başlanılması gözlənilir. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Dəmiryolunun Mətbuat Xidmətinin başçısı Nadir Əzməmmədov bildirib.

"Dekabrda dəmiryolunun yeni hissəsinin (Marabda-Kartsaxi) tikintisinin planlaşdırıldığı sahədə torpaq işləri qış fəsli ilə əlaqədar olaraq dayandırılmışdı. Lakin martın 15-dən etibarən işlərə yenidən başlanılacaq", - deyə Əzməmmədov bildirib.

Onun sözlərinə əsasən, Marabda-Kartsaxinin altı kilometrlik hissəsində artıq torpaq işləri aparılıb.

Azərbaycan hökuməti tərəfindən təsis edilən Dövlət Neft Fondunun büdcəsindən BTQ dəmiryolunun Gürcüstan hissəsinin tikintisinə 80 milyon manat vəsait ayrılması planlaşdırılır. 

BTQ dəmiryolunun tikintisi üzrə Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci ilin fevralında Tbilisidə imzalanıb. Dəmiryolunun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan "Marabda-Kartsaxi dəmiryolu" MMC-yə 200 milyon dollar məbləğində ildə bir faiz olmaqla 25 illik güzəştli kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 kilometr uzunluğunda yol çəkiləcək, Türkiyə ilə sərhəddə texniki xidmət və servis məntəqəsi tikiləcək, həmçinin köhnə yol bərpa ediləcək. BTQ layihəsinin ümumi dəyəri 600 milyon dollardan artıq təşkil edir. 

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində yeni 105 kilometrlik dəmiryolu magistralı qolunun tikintisi planlaşdırılır. Onun 76 kilometri Türkiyə, 29 kilometri Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, Gürcüstanda buraxma gücünü ildə 15 ton yükə çatdırmaq üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryolu sahəsi yenidən qurulacaq. Axalkalakidə qatarların Gürcüstanda mövcud olan relslərdən Avropa relslərinə keçməsi üçün məntəqə tikmək planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti