...

AccessBank Azərbaycan bölgəsində yeni filial açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2009 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / Trend /

AccessBank Salyan şəhərində özünün yeni filialını açıb. Onun açılması ilə bankın filial şəbəkəsi genişlənərək 22-yə çatıb. Bu barədə bankın cümə axşamı yayılan məlumatında bildirilir.

Regionda daha bir filial açmaqla AccessBank, paytaxtdan kənarda yaşayan əhalinin daha çox hissəsinə bütün bank xidmətlərindən asanlıqla istifadə etmək, xüsusən də biznes-kreditlərin alınması yolu ilə öz sahibkarlıq fəaliyyətini daha da inkişaf etdirmək üçün əlverişli imkan yaradıb. Xüsusilə, AccessBank-ın bir çox regional filialları, əsasən də Gəncə və Şəki şəhərlərində yerləşən filiallar verilən kreditlərin sayına görə liderdir, bu isə yerli sahibkarların bankın dəstəyinə ehtiyacı olmasını bir daha nümayiş etdirir.       

"Salyan filialının açılması bankın ümumi strategiyasında atılan zəruri addımdır və bu, bütünlüklə Azərbaycan ərazisində ölkə əhalisinin maliyyə xidmətlərindən istifadəsini asanlaşdırmaq məqsədi daşıyır. Maliyyə xidmətlərindən istifadə olunmasının asanlaşdırılması və bütünlüklə respublikada iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi bankımızın və səhmdarlarımızın əsas prioritetidir", - deyə AccessBank-ın baş meneceri Endryu Pospilovski bildirib.

Bütün başqa filiallarda olduğu kimi, Salyan filialında da həm fiziki, həm də hüquqi şəxslər üçün tam çeşidli xidmətlər göstərilir - buraya hesabların açılması, depozitlər, VISA plastik kartları, eləcə də həm kiçik, həm də orta həcmli kreditlərin, istehlak kreditlərinin verilməsi, çoxsaylı pulköçürmə sistemləri və kassa əməliyyatları daxildir.     

AccessBank 100 faiz xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutuna məxsusdur. Bunlar Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20 faiz), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16,5 faiz) və Almaniyanın LFS Financial Systems GmbH (3,5 faiz) şirkətləridir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti