...

Azərbaycanda istehlak hüquqlarının pozulması faktlarının aşkar edilməsi üzrə monitorinqlər davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2009 19:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir Ü.İsmayılova /

"İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin keçirdiyi növbəti monitorinqlər zamanı Bakı şəhəri, Binəqədi rayonunun topdansatış anbarlarında 817,32 kq istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, uşaq qidaları, konservləşdirilmiş tərəvəz məhsulları, quru çaylar və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib", - cümə axşamı nazirliyin yaydığı məlumatda deyilir.

Bundan başqa, Nəsimi rayonunda ümumi dəyəri 2,1 min manat olan 676 ədəd məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış müxtəlif uşaq oyuncaqları, paltarları və ayaqqabıları aşkar olunub və satışdan çıxarılıb.

Aparılan yoxlamalar zamanı Binəqədi rayonunda yerləşən "Kaspi-V.C." MMC, "Delta Group Co" MMC və "Babək" firmasına aid topdansatış anbarlarında heç bir qanun pozuntusu aşkar edilməyib.

Qanunvericiliyin tələbini pozmuş 1 hüquqi və 3 fiziki şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq ediləcək.

Ümumiyyətlə, 17 may 2009-cu il tarixdən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Qanun qüvvəyə mindikdən sonra aparılmış nəzarət tədbirləri zamanı qanun pozuntusuna yol verdiyi müəyyən edilmiş 25 hüquqi şəxsə 96,5 min manat, 116 fiziki şəxsə 174,5 min manat cərimə tətbiq olunub.

İyulun 02-nə olan rəsmi məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti