...

Azərbaycanda Maliyyə Monitorinqi Xidmətinin direktorunun və onun müavininin təyinatı ölkə prezidentinin səlahiyyətlərinə daxildir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2009 18:17 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti haqqında əsasnamə təsdiq olunub.

Azərbaycan, Bakı, 17 iyul / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti haqqqnda əsasnamə təsdiq olunub. Bu əsasnamə "Cinayət yolu ilə əldə olunmuş mülk və pul vəsaitlərinin yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı fəaliyyət" qanununda nəzərdə tutulub.

Maliyyə Monitorinqi Xidməti Bakıda yerləşəcək və müstəqil balansa malik olacaq. Xidmətin direktoru və onun müavini vəzifəsinə təyin və onların bu vəzifələrdən azadedilmə səlahiyyətləri birbaşa ölkə prezidentinə aid olacaq. Xidmət rəhbəri rübdə bir dəfə Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti haqqında Azərbaycan Prezidentinə hesabat verməlidir.

Xidmətin strukturu, ştat cədvəli və xərclərin smetası Mərkəzi Bank tərəfindən təsdiqlənir. Xidmətin vəzifələrinə identifikasiya məlumatlarının maliyyə əməliyyatları zamanı açıqlanması tələb olunmayan dövlətlərin; maliyyə terrorizmi, narkotik və psixotrop vasitələrin qeyri-qanuni dövriyyəsində iştirak etdiyi təxmin edilən dövlətlərin; transmilli mütəşəkkil cinayətkarlıq, həmçinin silahlı separatçılıq, ekstremizmi dəstəkləyən dövlətlərin siyahısını müəyyənləşdirmək daxildir.

Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə olunmuş mülkiyyət və pul vəsaitlərinin leqallaşdırılmasında və terrorizmin maliyyələşdirilməsində iştirak etməsi barədə informasiyaya malik olan hüquqi və fiziki şəxslərin qeydiyyatını, məlumat toplanması üçün mərkəzləşdirilmiş elektron-informasiya sistemini təşkil etməlidir.

Qanunda qeyd olunub ki, şübhə doğuran sövdələşmələr üzrə, əməliyyatın limit və dəqiq qradasiyasından asılı olmayaraq, xidmətə məlumatlar veriləcək.

Xidmət tərəfindən monitorinqə kredit təşkilatları, sığorta və təkrar sığorta təşkilatları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, kredit təşkilatlarının peşəkar iştirakçıları, kredit təşkilatlarının lizinq xidmətləri, poçt şöbələri və digər təşkilatlar vasitəsilə pul köçürmələri, lombardlar, sərmayə fondları, qiymətli metal və daşlarla bağlı sövdələşmələr və onlardan düzəldilmiş məmulatlar, qeyri-hökumət və dini təşkilatlar, lotereya təşkilatçıları, daşınmaz əmlak alqı-satqısı xidməti göstərən şəxslər (rieltorlar), vəkillər, auditorlar, daşınmaz əmlakla bağlı sövdələşmələr, müştəri vəsaitləri, qiymətli kağızlar və əmlak, müştəri bank və depo hesablar cəlb ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti