Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir Ü.İsmayılova/
2009-cu ilin yekunları üzrə Azərbaycanın sığorta bazarı təxminən 20% azalacaq. Bu barədə MBASK sığorta şirkətinin İdarə Heyətinin sədri Cəmil Məlikov cümə günü deyib.
"Sığorta həcminin azalması ölkə iqtisadiyyatındakı ümumi vəziyyətlə, xüsusilə də bank kreditləşməsinin və ölkədə nəqliyyat vasitələrinin idxalının həcminin azalması ilə əlaqədardır", - Məlikov deyib.
Onun sözlərinə görə, buna baxmayaraq, ölkənin sığorta bazarı iqtisadiyyatın digər sahələri kimi inkişaf etməlidir, buna görə də artıq gələn ildən bazarın canlanması gözlənilir.
Azərbaycan sığortaçılarının 2008-ci ilin yekunları üzrə haqları 49,81 milyon manatlıq ödəmələrlə 179,26 milyon manat təşkil edib. Cari ilin yanvar-sentyabr aylarında şirkətlər 38,22 milyon manatlıq ödəmələrlə 130,18 milyon manat yığıblar.
Noyabrın 20-nə olan rəsmi məzənnə 0,8027 AZN/USD təşkil edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]