...

Azərbaycanda metanol istehsalı zavodunun inşası EITI standartlarına tam cavab verir - Toni Bleyer

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2009 19:16 (UTC +04:00)
Çərşənbə axşamı Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycanın AZMECO şirkəti arasında qarşılıqlı anlaşmaya dair memorandum imzalanıb.
Azərbaycanda metanol istehsalı zavodunun inşası EITI standartlarına tam cavab verir - Toni Bleyer

Azərbaycan, Bakı, 01 dekabr / Trend , müxbir N.İsmayılova/

Çərşənbə axşamı Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycanın AZMECO şirkəti arasında qarşılıqlı anlaşmaya dair memorandum imzalanıb.

Memarandumu AYİB tərəfdən Təbii resurslar departamentinin rəhbəri Kevin Borts, zavod tərəfdən isə AZMECO şirkətinin baş direktoru Nizami Piriyev imzalayıb.

Memorandum Azərbaycanda ammiak və karbonid istehsalı zavodunun tikintisini nəzərdə tutur.

AZMECO layihəsi çərçivəsində bu gün metanol istehsalı zavodunun inşası üzrə işlərin 55%-i başa çatıb. Zavodun 2010-cu ilin dördüncü rübündə istismara verilməsi planlaşdırılır.

Memorandumun imzalanma mərasimində iştirak edən Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyerin sözlərinə görə, zavod həm Azərbaycan, həm də Aİ üçün mühüm əhəmiyyət kəsb edir. Onun inşası alternativ enerji mənbələrinin istehsalı üçün imkan yaradır.

"Bu layihə EITI standartlarına tam cavab verir", - Bleyer deyib.

Zavodun baş direktorunun sözlərinə görə, AZMECO layihəsinin ümumi məbləği 1,1 milyard dollar olaraq qiymətləndirilir.

Metanol istehsalı zavodunun inşası layihəsinin birinci mərhələsinin ümumi məbləği 300 milyon dollardan artıqdır. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) oktyabr ayında Azərbaycanda metanol istehsal edəcək zavodun tikintisi çərçivəsində AZMECO şirkəti üçün 120 milyon dollar həcmində kreditin maliyyələşdirilməsinə razılıq verib. Maliyyələşmə iki tranşla həyata keçiriləcək: 90 milyon dollar 9 il müddətinə bank vəsaitlərindən veriləcək, qalan 30 milyon dollar isə 10 il müddətinə veriləcək. "Layihə üzrə kredit razılaşmasının imzalanması ilin sonuna gözlənilir", - AYİB-in Bakı nümaytəndəliyinin rəhbəri Frensis Deley deyib.

Yeni zavod Qaradağ rayonunda yerləşəcək.

Birinci faza çərçivəsində zavodun illik gücü 720 min ton olacaq. Kompleksin tikintisinin ikinci fazası çərçivəsində işlərin başa çatması 2011-ci ilə planlaşdırılır. Bu fazada azot gübrələri istehsal ediləcək. Layihənin ikinci fazası çərçivəsində 400 min tona yaxın azot gübrəsinin istehsal edilməsi planlaşdırılır.

"Layihənin növbəti mərhələlərinin maliyyələşməsində AYİB-in iştirakı AZMECO şirkətindən asılıdır. Əgər o müraciət edərsə, biz onun təklifinə baxmağa hazırıq", - Deley deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti