...

Azərbaycan və İran arasında dəniz sərnişindaşımaları 2010-cu ildə bərpa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2009 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir E.İsmayılov/

Xəzər dənizində Azərbaycan və İran limanları - Bakı və Ənzəli limanları arasında tammiqyaslı sərnişin daşınmaları 2010-cu ilin yazında başlayacaq. Bu barədə Bakı Beynəlxalq dəniz ticarət limanındakı mənbə çərşənbə günü məlumat verib. Azərbaycan və İran arasındakı dəniz sərnişindaşımalarının bərpa edilməsinin təşəbbüskarı İran tərəfi olub.

"İran tərəfinin bəyanatına əsasən, bu sərnişin xətti ilə tammiqyaslı daşınmalar Novruz bayramına yaxın, yəni mart ayının sonunda başlanacaq", - mənbə deyib. İran tərəfi bunu Novruz bayramı ərəfəsində bu xətt üzrə tələbatın artması ilə əsaslandırır.

Mənbənin sözlərinə görə, ilk sınaq reysi 2010-cu ilin yanvar-fevral aylarında olacaq. Əvvəllər isə xəttin oktyabr ayının sonuna açılması nəzərdə tutulmuşdu.

Bu sərnişin xətti uzun illər fəaliyyət göstərib. 1998-ci ildən isə onun fəaliyyəti dayanıb. Onun bərpa edilməsi məsələsi İran və Azərbaycanın dövlət strukturları arasında razılaşdırılıb.

Xəzər dənizi üzrə Ənzəli-Bakı, Bakı-Ənzəli sərnişin reysləri həftədə iki dəfə həyata keçiriləcək. Bunun üçün Azərbaycanda iki liman arasında işləyəcək gəmilərə başçılıq edəcək İran Gəmiçilik Şirkətinin daimi nümayəndəliyi yaradılacaq. "150 sərnişin tutumuna malik olan gəmilər komfortludur", - mənbədən deyilib.

İran tərəfi həmçinin gələcəkdə Bakıdan İranın digər Xəzər limanları - Əmirabad və Nouşəhrə daşımaların həyata keçirilməsini planlaşdırır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti