...

Azərbaycanda sənaye istehsalının həcmi il ərzində 8,2% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2009 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 dekabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycanda yanvar-noyabr aylarında sənaye istehsalının həcmi (məhsulların istehsalı və sənaye xarakterli xidmətlərin göstərilməsi) 19,8 milyard manat təşkil edib ki, bu da ötən ilin analoji dövründəki göstəricidən 8,2% çoxdur.

Hesabat dövrü ərzində hasilat sənayesində artım tempi 12,4 faiz səviyyəsində olub, ümumi istehsalda isə 75,5 faizlik xüsusi çəki ilə 15 milyard manat təşkil edib. Emaledici sənayedə xüsusi çəki 19,2 faiz təşkil edib. Elektrik enerjisi, qaz və su sektoruna isə 5,3 faiz düşür.

Neft hasilatının həcmi hesabat dövrü ərzində 13,5 faiz artaraq 46,4 milyon ton təşkil edib. Qaz hasilatı isə 1,3 faiz artaraq 14,8 milyard kubmetrə çatıb.

Yanvar-noyabr aylarında qeyri-dövlət sektorunun payına ümumi sənaye istehsalının 4/5 hissəsi düşür.

Emaledici sənaye istehsalının həcmi 3,81 milyard manat təşkil edir. Xüsusilə də qida məhsullarının istehsalında böyük artım müşahidə edilib. Ölkədə şəkər istehsalı 2,8 faiz artaraq 262,8 min ton olub. Çay istehsalı 21,8 faiz artaraq 7,1 min tona, ət istehsalı 8,3 faiz artaraq 153,7 min tona, süd istehsalı 3 faiz artaraq 48,5 milyon dekalitrə, kərə yağı 0,9 faiz artaraq 13,4 min tona, şampan şərabının istehsalı 21,6 faiz artaraq 37,7 min dekalitrə, pivə istehsalı 10,1 faiz artaraq 3,5 milyon dekalitrə, araq istehsalı 12,2 faiz artaraq 768,3 min dekalitrə çatıb.

Dekabrın 16-na olan rəsmi məzənnə 0,803 AZN/USD təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti