...

Azərbaycan və Dünya Bankı dəmiryol layihəsi üzrə kredit müqaviləsi imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2009 17:34 (UTC +04:00)
Bakıda cümə günü Dünya Bankı və Azərbaycan hökuməti arasında Azərbaycanın dəmiryolu və ticarətinə dəstək layihəsinin reallaşdırılması üzrə 450 milyon dollar həcmində kredit ayrılması barədə kredit müqaviləsinin imzalanma mərasimi təşkil edilib.
Azərbaycan və Dünya Bankı dəmiryol layihəsi üzrə kredit müqaviləsi imzalayıblar

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir E.İsmayılov/

Cümə günü Bakıda Dünya Bankı və Azərbaycan hökuməti arasında Azərbaycanın dəmiryolu və ticarətinə dəstək layihəsinin reallaşdırılması üzrə 450 milyon dollar həcmində kredit ayrılması barədə kredit müqaviləsinin imzalanma mərasimi təşkil edilib.

Azərbaycan hökuməti adından kredit müqaviləsini maliyyə naziri Samir Şərifov, layihə müqaviləsini nəqliyyat naziri Ziya Məmmədov, DB tərəfindən isə bankın Bakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak imzalayıb.

Kredit vəsaitləri Avropa Yenidənqurma və İnkişaf Bankının xətti ilə, səkkiz il güzəşt dövrü daxil olmaqla 23 il müddətinə, altı aylıq libor üstəgəl dəyişən spred tarifi üzrə verilir. Kredit üzrə komissiya 0,25 faiz müəyyən olunub. Kredit üzrə ödəniş ildə iki dəfə - 15 iyun və 15 dekabrda həyata keçiriləcək.

Kredit çərçivəsində Bakı-Böyük Kəsik məntəqəsində dəmiryol xəttinin yenidən qurulması planlaşdırılır, birinci mərhələdə isə uzunluğu 300 kilometrdən artıq, təxirəsalınmaz təmirə ehtiyacı olan dəmiryol məntəqəsinin təmir işləri yerinə yetiriləcək.

Ümumiyyətlə, layihə çərçivəsində 503 kilometr dəmiryolun əsaslı təmir edilməsi nəzərdə tutulur, investisiya həmçinin Bakı-Böyük Kəsik istiqamətində daimi cərəyandan fasiləli rejimə keçməyə, fasiləli cərəyan üzrə işlər üçün 50 yeni lokomativin əldə edilməsinə yönəldiləcək. Layihə dəmiryol ilə sərnişindaşımanın sürətini 100 km/s, yükdaşımanın sürətini isə 80 km/s-yə çatdırmağı nəzərdə tutur.

Layihə dəmiryol üzrə xidmətlərin təkmilləşdirilməsi, rəqabət qabiliyyətinin təmin edilməsi, əməliyyat və iqtisadi effektivliyi, "Azərbaycan Dəmir Yolları" QSC-nin və şərq-qərb istiqamətində dəmiryol xətlərinin maliyyə imkanlarının genişləndirilməsini nəzərdə tutan 3 komponentdən ibarətdir.

Birinci komponent dəmiryol təsərrüfatını, xüsusilə də Bakıdan Gürcüstan sərhədinə qədər olan məntəqələrin reabilitasiyasını, 3,3 kV daimi cərəyandan 25 kV fasiləli cərəyana keçid, elektrik təhcizatı sisteminə keçid ilə əlaqədar olaraq siqnal sistemlərinin dəyişdirilməsini nəzərdə tutur.

İkinci komponent çərçivəsində elektrik lokomotivlərinin əldə olunması, üçüncü komponentdə isə "Azərbaycan Dəmir Yolları" QSC-nin fəaliyyətinin müasirləşdirilməsi və iqtisadi bazar tələblərinə yaxınlaşdırılması nəzərdə tutulur.

Layihənin ümumi dəyəri 673,8 milyon dollar həcmində qiymətləndirilir. Layihə dörd ilə hesablanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti