...

Azərbaycanın 2010-cu ilə olan daxili və xarici borclarının limiti 3,7 milyard manat həcmində təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2009 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir İ.Xəlilova/

Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi 2010-cu il dövlət büdcəsində xarici borcların limiti 2,5 milyard manat səviyyəsində müəyyən edilib. Artıq üç ildir ki, hökumət xarici borcların həddini bu səviyyədə saxlayır. 2007-ci ildə isə bu göstərici 1,2 milyard dollar səviyyəsində olub.

Borcların 2 dəfədən çox artması avrobondların yerləşdirilməsi planı ilə əlaqədardır, lakin dünya bazarlarındakı vəziyyətə görə hökumət artıq ikinci dəfə bu planı vəziyyət stabilləşənədək təxirə salır. Avrobondların emissiya həcmi 500 milyon dollaradək artırılıb.

2005-ci ilədək xarici borc 200 milyon dollar həcmində müəyyən edilib. 2006-cı ildə irimiqyaslı layihələrin həyata keçirilməsi vəsait tələb etdiyindən bu limit ilkin olaraq iki dəfə artırılıb. Lakin sonradan büdcə proqnozlarına yenidən baxılması nəticəsində üç dəfə artırılaraq 1,2 milyard dollara çatdırılıb.

Gələn il Abşeron yarımadasında ekoloji problemlərin həlli, əsasən yol inşaatı sahəsində layihələrin həyata keçirilməsi, su və enerji təminatının yaxşılaşdırılması üçün vəsait cəlb edilməsi davam etdiriləcək.

2010-cu ilə dövlət xarici borcu üzrə ödəmə limiti 208,717 milyon manat, o cümlədən əlavə faizlər üzrə 122,872 milyon manat, əsas borc üzrə isə 85,845 milyon manat həcmində təsdiq edilib.

Xarici borclar üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı problem olduğu halda dövlət büdcəsində 100 milyon manat həcmində təsdiq edilən təminat fondu yaradılıb.

Dövlət daxili borcu üzrə limit 1,7 milyard manat səviyyəsində proqnozlaşdırılır. 2009 cu ildə bu göstərici 2,25 milyard manat təşkil edib. Gələn il daxili borclar üzrə ödəmələr 78,364 milyon manat səviyyəsində gözlənilir.

Azərbaycanda sosial-iqtisadi islahatların davam etdirilməsi və prioritet layihələrin həyata keçirilməsi məqsədilə beynəlxalq maliyyə təşkilatları ilə imzalanmış kredit sazişlərinin ümumi həcmi 7397 milyon dollar təşkil edir. Cəlb edilən kreditlərin ümumi həcmindən 3980 milyon dollar bu günədək istifadə edilib.

Ölkənin istifadə etdiyi xarici borcun xüsusi çəkisi 2009-cu ildə gözlənilən ÜDM-ə nisbətən 8,7% təşkil edir ki, bu da dünyanın xarici borc praktikasında çox aşağı göstərici hesab edilir.

Dekabrın 22-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti