...

2009-cu ildə Azərbaycanda 137 ton vaxtı ötmüş məhsul satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2010 20:17 (UTC +04:00)
Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti 2009-cu il ərzində 137 ton vaxtı ötmüş məhsulu satışdan çıxarıb və məhv edib. Bu barədə Nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.
2009-cu ildə Azərbaycanda 137 ton vaxtı ötmüş məhsul satışdan çıxarılıb

Azərbaycan, Bakı, 13 yanvar / Trend , müxbir İ.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasət və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti 2009-cu il ərzində 137 ton vaxtı ötmüş məhsulu satışdan çıxarıb və məhv edib. Bu barədə Nazirliyin çərşənbə günü yayılan məlumatında deyilir.

Yararsız malların 7,8 tonunu ət və ət məhsulları, 15,1 tonunu süd və süd məhsulları, 34,8 tonunu mineral sular və sərinləşdirici içkilər, 18 tonunu şəkər və qənnadı məhsulları təşkil edib. Həmçinin 3,3 ton taxıl məhsulları, 7,1 ton yağ, 2,3 ton konservləşdirilmiş məhsullar, 5,7 ton tamlı məhsullar (tomat pastası, ketçup və s.), 36,6 ton spirtli içkilər, 1,1 ton yarımfabrikatlar, 0,4 ton balıq və digər dəniz məhsulları və s. saxlama müddəti ötmüş və mənşəyi məlum olmayan ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib.

Bundan başqa, 1,7 ton uşaq yeməkləri, 11 min ədəd sertifikatlaşdırılmamış uşaq oyuncaqları və 2,4 minə yaxın müxtəlif növ uşaq geyimləri satışdan çıxarılıb və məhv edilib.

Ötən il dərsliklərin və məktəbli ləvazimatlarının satışı obyektlərində aparılmış yoxlamalar zamanı 178 ədəd saxta dərslik və 5921 ədəd normativ-texniki sənədlərin tələblərinə cavab verməyən dəftərlər satışdan çıxarılıb. 2009-cu ildə ümumi çəkisi 1017 tondan çox olan saxta sement, 708 kiloqram məişət kimyası məhsulları, 888 ədəd ətriyyat və kosmetika məhsulları aşkar olunmuş və ticarət dövriyyəsindən çıxarılıb.

Qanun pozuntularına yol vermiş fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tərtib edilmiş 845 protokola əsasən 1,4 milyon manat inzibati cərimə tətbiq olunub.

2009-cu il ərzində Dövlət Xidməti tərəfindən MDB-yə üzv olan dövlətlərə ixrac olunan mallara (CT-1 formalı mənşə sertifikatı) 8559, MDB-yə üzv olmayan dövlətlərə ixrac olunan mallara (Ümumi formalı mənşə sertifikatı) 1761, Ümumi Preferensiyalar Sisteminə (GSP) daxil olan dövlətlərə ixrac olunan mallara (Forma-A mənşə sertifikatı) isə 830 ədəd mənşə sertifikatı verilib.

Yanvarın 13-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti