Azərbaycan Avropanın enerji təhlükəsizliyinin uğurla həlli üçün öz töhfəsini verməyə hazırdır - Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2010 20:26 (UTC +04:00)
Berlində Almaniya Federativ Respublikası Kanslerinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyev və Kansler xanım Angela Merkel mətbuat üçün bəyanatlarla çıxış ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin uğurla həlli üçün öz töhfəsini verməyə hazırdır - Prezident İlham Əliyev

BerlinAlmaniya Federativ Respublikası Kanslerinin iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyev və Kansler xanım Angela Merkel mətbuat üçün bəyanatlarla çıxış ediblər. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Mən çox şadam ki, Azərbaycan Respublikasının Prezidenti hörmətli cənab İlham Əliyevi bu gün Berlində qarşılamaq imkanına malikəm. Cənab Prezident, biz Sizinlə sonuncu dəfə təxminən üç il bundan əvvəl - 2007-ci ilin fevral ayında Berlində görüşmüşdük. O vaxtdan təxminən üç il keçibdir. Qeyd etmək istərdim ki, bizim iqtisadi münasibətlərimiz çox gözəl səviyyədədir. Əməkdaşlığımız sıxdır. Amma əməkdaşlığımızı genişləndirmək üçün potensialımız mövcuddur. Biz bundan istifadə etməliyik. Zənnimcə, elə sahələr vardır ki, biz Almaniya hökuməti olaraq Azərbaycan hökumətinə həmin sahələrdə öz dəstəyimizi göstərə bilərik", - Almaniya Kansleri deyib.

Merkel bildirib ki, Almaniya hökuməti Azərbaycana iqtisadiyyat, o cümlədən infrastruktur sahələrində əməkdaşlığı təklif edir, Azərbaycanla iqtisadi sahədə əməkdaşlığa çox böyük maraq göstərir.

"Mənə belə gəlir ki, biz əməkdaşlığımızı "qələbə-qələbə" formulunda qura bilərik. Mən bunu deyəndə nəzərdə tuturam ki, hər iki tərəf bu əməkaşlıqdan faydalana bilər. Biz Almaniya hökuməti olaraq texniki yeniliklərimizi təklif edirik və Azərbaycan neft-qaz ölkəsi kimi bizim üçün əlbəttə ki, çox vacib tərəfdaşlardan biridir. Neft-qaz sahəsindən danışanda, əlbəttə ki, Nabukko layihəsini qeyd etməmək mümkün deyildir. Biz bu gün görüşümüz çərçivəsində iqtisadi layihələr, həmçinin Nabukko layihəsi haqqında danışacağıq. Amma yalnız bu layihələr haqqında deyil, eyni zamanda, Azərbaycanın demokratik inkişafı haqqında, Azərbaycanın hüquqi dövlətçiliyi haqqında söhbət aparacağıq. Cənab Prezident, Sizə bir daha ürəkdən "Xoş gəlmisiniz!" deyirəm", - deyə, Angela Merkel çıxışını tamamlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev, ilk növbədə, onu Almaniyaya dəvət etdiyinə görə Angela Merkelə minnətdarlığını bildirib.

"Siz qeyd etdiniz ki, üç il bundan əvvəl biz Sizinlə burada - Berlində görüşmüşdük. O görüşdən sonra bu günə qədər Almaniya ilə Azərbaycan arasında mövcud olan münasibətlər çox sürətlə inkişaf etmişdir. Siyasi əlaqələr çox yüksək səviyyədədir. İqtisadi sahədə qarşılıqlı maraq böyüyür və bu gün 100-ə yaxın alman şirkəti Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz çox istəyirik ki, iqtisadi sahədə əməkdaşlıq daha da dərinləşsin. Çünki bunu etmək üçün çox gözəl imkanlar vardır. Azərbaycan bu gün müasirləşmə dövrünü yaşayır. Əlbəttə ki, ölkəmizi hərtərəfli inkişaf etdirmək üçün bizə qabaqcıl texnologiya lazımdır. Onlar da əlbəttə ki, Almaniyada çox yüksək səviyyədədir", - Azərbaycan Prezidenti deyib.

İlham Əliyev Azərbaycanın öz növbəsində Avropanın enerji təhlükəsizliyi məsələlərinin uğurla həll edilməsi üçün töhfəsini verməyə hazır olduğunu bildirib.

"Siz bu gün Nabukko layihəsi haqqında fikirlərinizi söylədiniz. Biz bu layihəni dəstəkləyirik. Qeyd etmək istəyirəm ki, Nabukko layihəsinin müzakirəsi bu gün daha da intensiv xarakter daşıyır. Hesab edirəm ki, bu, çox müsbət amildir. Azərbaycanda əvvəlki illərdə yaradılan nəqliyyat infrastrukturu, xüsusilə qaz kəmərləri Nabukko və "Cənub dəhlizi"nin digər layihələrinin həyata keçirilməsi üçün gözəl zəmin yaradır.
Bu yaxınlarda Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramına qoşulubdur. Bu proqramın icrası nəticəsində ölkəmizdə siyasi, iqtisadi islahatlar, demokratikləşmə prosesləri daha da sürətlə gedəcəkdir", - İlham Əliyev qeyd edib.

"Beləliklə, ikitərəfli münasibətlərin məzmunu çox dəyərlidir və gündəlik çox genişdir. Əminəm ki, bugünkü görüşdən sonra münasibətlərimiz daha da sürətlə inkişaf etməyə davam edəcəkdir", - deyə, Azərbaycqan Prezidenti İlham Əliyev çıxışını bitirib.

Xəbər lenti

Xəbər lenti